Bakı şəhərində yeni hava limanı inşa olunacaq.
Ələt qəsəbəsində tikintisi planlaşdırılan bu hava limanı əsasən yük təyyarələrinin istismarı üçün nəzərdə tutulacaq. Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov gələcəkdə Bakı şəhərinin inkişaf planı haqqında danışarkən bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: "Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq".