Ermənistan Türkiyəyə qarşı sərsəm ərazi iddialarını yenidən gündəmə gətirir

12 Avqust 2020 09:09 (UTC+04:00)


Ermənistanın Sevr müqaviləsinin imzalanmasının 100 illiyində bu mövzunu yenidən gündəmə gətirməsi Türkiyənin sərt reaksiyasına səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib.
Qeyd edək ki, Sevr müqaviləsi Birinci Dünya Müharibəsinin nəticəsi olaraq meydana çıxıb. Bu müqavilə 10 avqust 1920-ci il tarixində Fransanın Sevr şəhərində qalib gələn müttəfiq dövlətlərlə Osmanlı dövləti arasında imzalanıb. Həmin müqavilənin bir bəndinə görə heç bir əsas olmadan Türkiyənin Trabzon, Ərzurum, Van və Bitlis əyalətləri Ermənistan adlanan dövlətə verilməli idi. Lakin Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyədə başlanan azadlıq hərəkatı elə ilk gündən Sevr müqaviləsinin ədalətsiz şərtlərinin reallaşmayacağını ortaya qoydu. Aparılan azadlıq müharibəsinin nəticəsi olaraq 1923-cü ilin iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasnda Lozanna razılaşması imzalandı.   Bu müqavilə ilə Sevr müqaviləsinə son qoyuldu və Türkiyənin indiki sərhədləri bərpa olundu. Təcavüzkar Ermənistanın Anadolunun şərq vilayətlərinə əsassız iddiaları rədd edildi. Nəticəsə ermənilərin 100 illiyindən dəm vurduqları həmin alçaldıcı müavilə qüvvəsini itirdi. Bu da Sevr müaqaviləsinin heç bir hüquqi əsasının olmadığı deməkdir. Lakin öz xislətlərini davam etdirən ermənilər yenə də həmin ampuladan çıxış edərək fürsət düşən kimi hər dəfə bu mövzunu gündəmə gətirməyə çalışırlar. İrəvanın addımı, Türkiyənin xəbərdarlığı nə ilə nəticələnəcək?
Milli Məclisin deputatı Anar İsgəndərov bildirdi ki, Sevr müqaviləsinin heç bir hüquqi əsası yoxdur: “Çünki Lozanna müqaviləsilə bu məsələ yoluna qoyuldu.  Ermənistan isə təcavüzkar dövlətdir. Hər zaman onlar belə vəhşi və çirkin niyyətlərdə bulunublar.  Onlar təcavüzkar əməllərini gizlətmək üçün tarixin elə bir yerinə baş vururlar ki, bunun heç bir əsası yoxdur. Hətta dediyim kimi, hüquqi əsası da yoxdur.
Ümumiyyətlə, Ermənistanın bu günə qədər yürütdüyü siyasət ədalətdən kənar olub, heç bir hüquqa söykənməyib. O cümlədən, onların Sevr müqaviləsilə bağlı olaraq qaldırdıqları hay-küy də sadəcə olaraq xarici siyasət üçün boşboğazlıqdır. Bununla dünya dövlətlərinin marağını müəyyən qədər həmin məsələyə cəlb etmək üçün ortaya atılan yersiz təklifdir. Hamıya gün kimi aydındır ki, bu təklif qəbul olunmayan təklifdir. Ona görə ki, 100 il öncə Sevr müqaviləsi Yunanıstanın təhrikilə imzalansa da, heç Afinanın müttəfiqləri belə həmin müqaviləni imzalamadılar. Ona görə də sonradan Lozanna müqaviləsinə ehtiyac oldu. Ona görə də, ermənilərin bu canfəşanlığı növbəti boşboğazlıq, növbəti hay-küyləridir. Bir daha deyirəm, Sevr müqaviləsi heç bir hüquqi əsası olmayan kağız parçasıdır. Əslində 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevr müqaviləsini öz kölgəsində qoydu. Ermənilər xislətlərinə uyğun olaraq boş-boşuna hay-küy qaldırırlar və heç bir çirkin istəklərinə də nail ola bilməyəcəklər”.
Milli Məclisin deputatı Musa Qasımlı da qeyd etdi ki, Ermənistan tərəfinin söylədikləri sərsəmlikdən başqa bir şey deyil: “Onu söyləyənlər oturub bir kitab açıb oxumalıdırlar ki, Sevr müqaviləsi lazımsız kağız kimi  türk milləti tərəfindən cırılıb atılıb. Bu amil həmçinin digər dövlətlər tərəfindən də qəbul edilib. Hətta o dövrdə erməniləri müdafiə edənlər də sonralar özləri də Sevr müqaviləsinin şərtlərindən imtina edib.
Erməni tərəfinin bəyanatı bir daha göstərir ki, bu cəmiyyət xəstədir. Ona görə də onların söylədiklərinə o qədər də diqqət yetirmək lazım deyil, bu onların sərsəmliyinin əlamətidir”.
Rüfət NADİROĞLU