Qafqazın geosiyasi prosesində türk amili güclənir

14 Avqust 2020 09:15 (UTC+04:00)

 

İki əsrdən çoxdur ki, Qafqazlarda hökmranlıq edən Rusiyanın mövqeləri bu istiqamətdə getdikcə zəifləyir. Əgər bu vaxtadək dünyanın supergücləri hərbi-siyasi strategiyalarını həyata keçirmək üçün ərazi platforması axtarırdılarsa, indi hərbi texnikaların təkmilləşməsi hesabına ərazi platformaları öz əhəmiyyətini itirir. Buna görə də yer kürəsinin bir nöqtəsində qərarlaşıb dünyanın hər hansı bir nöqtəsini atəş altında saxlamaq elə də böyük problem deyil. Supergüclər üçün problem dünyaya yeni çıxan güc mərkəzləridir. Buna görə də indi yeni dünya düzəni hada söhbətlər gündəmdən düşmür.
Azərbaycanın lokal lider olduğu Cənubi Qafqaz regionu baş verən proseslərin önündə gedir.

Lakin bu regionda Rusiya, Türkiyə və İran kimi iri dövlətlərin də təsiri həmişə güclü olub.

Müəyyən tarixi dövrdə bunlardan birinin mövqeyi digərinə nisbətən daha da güclənsə də, əbədi olmayıb. Son mərhələdə Rusiya bu məsələdə rəqiblərini üstələmişdi. Lakin sovetlərin dağılmağı ilə onun mövqeyi zəiflədi və Türkiyənin sürətli yüksəlişi təşəbbüsün onun əlinə keçməsinə şərait yaratdı.
Tarixi-siyasi şərtlərə görə Türkiyə başda olmaqla Türk dünyasının baş qaldırması təbii prosesin tərkib hissəsidir. Bir neçə əsrdir ki, türklər öz yaşadıqları ərazilərdə mənəmlik iddiasında olan dövlətlər tərəfindən əzilirlər. Onların sıxışdırılmasının nəticəsidir ki, kolonialistlərə “Ermənistan” adlı forpost dövləti türk torpağında yaradıb və təcavüzkarlıq dövriyyəsinə buraxıblar. Əzilənlərin bir gün güc toplayıb ayağa qalxması isə tarixin aksiomasıdır. Bu gün biz bu prosesin əyani şahidiyik.
Azərbaycanın Qarabağ bölgəsinin forpost Ermənistanın xeyrinə zəbt edilməsi tarixi aksiomanın qarşısının alınması məqsədini güdürdü. Ancaq, göründüyü kimi, bu gün Qarabağın azadlığı Türki dünyasının intişarında ən güclü stimullaşdırıcı amildir. Ermənistan-Azərbaycan sərhəddində törədilən sonuncu təxribat “dolan səbr kasasının aşması” üçün tarixi siqnal oldu və bu gün biz Türkiyə-Azərbaycan birliyinin aşkar təntənəsini yaşayırıq.
Dünyanın geosiyasi durumu elə bir təbii situasiya yaradıb ki, tarixin düşmənə çevirdiyi Türkiyə və Rusiya əlbir fəaliyyətə məhkumdur. O biri tərəfdən Türkiyə ilə müttəfiq olan Qərb öz səhvləri ucbatəndan bu əməkdaşlığı möhkəmləndirməyə xidmət etdi. Dünya dövlətləri sırasına 6 müstəqil türk dövlətinin qoşulması da vəziyyətin dəyişməsinə təsir etdi.
Bu günlər Türkiyə Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndə heyətinin Azərbaycanda səfərdə olması bu məsələlərin əhəmiyyətini diqqətə çatdırır. Türkiyə-Azərbaycan birliyi artıq Qafqazda Rusiya ilə bərabər söz sahibidir. Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi onu göstərir ki, birliyin rəsmiləşdirilməsi üçün hansısa  razılaşma sənədi imzalana bilər.  
Polkovnik Şair Ramaldanov bu səfəri qiymətləndirərək deyib ki, Azərbaycan və Türkiyə arasında çoxtərəfli yüksək səviyyəli münasibətlər mövcuddur: “Bir müddət öncə Azərbaycanın yüksək rütbəli zabitləri Türkiyədə rəsmi səfərdə olmuşdu. Bu gün Türkiyə generallarının Azərbaycana səfərini həm bu səfərə cavab, həm də müzakirə olunan bəzi məsələlərin razılaşma səviyyəsinə qalxması kimi qiymətləndirmək olar”. Polkovnikin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında "bir millət, iki dövlət" prinsipi günbəgün inkişaf etdirilir: “Bu gün Türkiyə və Azərbaycan münasibətləri iki ölkə tarixinin ən yüksək səviyyəsindədir. Heç təsadüfi deyil ki, məlum Tovuz hadisələrində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Sonda isə onu deyim ki, Türkiyənin yüksək rütbəli təmsilçilərinin bu səfəri son proseslər fonunda düşməni yenidən qorxuya salacaq”.
Belə bir geosiyasi gəlişmə, şübhəsiz ki, Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək.

Artıq elan etmək olar ki, ATIT-in Minsk qrupunun üzvü olan Türkiyə prosesə daxil olub və biz tezliklə bunun nəticəsini görəcəyik. Münaqişənin tam həllindən danışmaq tez olsa da, Azərbaycanın mövqeyi yeni üstünlük qazanacaq və sülh yolu ilə həllin qapıları açılacaq.
N.NOVRUZ