Rəqabət Məcəlləsinin qəbulu gecikir

14 Avqust 2020 10:35 (UTC+04:00)

Uzun fasilədən sonra 2020-ci ildə Rəqabət Məcəlləsinin qəbul edilməsinə dair ümidlər artsa da təəssüflər olsun ki, məcəllənin qəbulu yenə də müşkülə çevrilib.

Azərbaycanın Strateji Yol xəritəsinə əsasən Rəqabət Məcəlləsi 2020-ci ilin sonuna qədər qəbul olunmalıdır.

Xatırladaq ki, 2006-cı ildən Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini müzakirə edib. Həmin ildə layihə birinci oxunuşdan keçib. 2007-ci ildə layihə bir sıra dəyişikliklərlə ikinci oxunuşdan da keçib. Lakin qanun layihəsi 3-cü oxunuşa çıxarılmayıb.

Bundan sonra uzun müddət layihə Milli Məclisdə müzakirə edilməyib. 2019-cu ildə layihə yenidən işlənib və Milli Məclisə təqdim olunub. Amma yeni variant da müzakirəyə çıxarılmayıb. Rəqabət Məcəlləsinin qəbulunun uzanması səbəbləri geniş ictimaiyyətə məlum deyil.

Bütün hallarda bu məcəllənin qəbulu ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Rəqabət Məcəlləsi bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Süni qiymət artımlarına səbəb olan şərait aradan qalxacaq. Bu baxımdan məcəllənin qəbul edilməsi önəmlidir. Bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması əhəmiyyətli rol oynayacaq. Bütövlükdə məcəllənin qəbulunun birmənalı şəkildə istehlak bazarına müsbət təsir edəcəyi aşkardır.

Azərbaycanda süni qiymət artımlarının qarşısının alınması, istehlak bazarında ədalətli qiymət səviyyəsinin formalaşması, iqtisadi aktivliyin yüksəldilməsi üçün rəqabət mühitinin daha da yaxşılaşdırılması vacibdir. Hər bir məsələdə olduğu kimi rəqabət məsələsində də ilk növbədə hüquqi baza yaradılmalıdır. Əgər ölkədə hansına mexanizmi yaratmaq, işlətmək lazımdırsa, ilk növbədə onun qanunvericilik bazası formalaşdırılmalıdır. Rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədilə əvvəlcə Rəqabət Məcəlləsi qəbul edilməlidir. On dörd ildir ki, Rəqabət Məcəlləsinin layihəsi qəbul olunmur. Bunun səbəbləri bizə bəlli deyil. Qanun layihəsinin üzün müddət qəbul edilməməsinin əsas səbəbi həmin illərdə mövcud olan imkanların rəqabətin daha da genişləndirilməsi üçün uyğun olmaması idi. Azərbaycan bazarının xüsusiyyətləri rəqabət şəraitinin tam təmin edilməsində bəzi çətinliklər yaradırdı. Bazarın miqyası kiçik idi, yerli istehsal, qeyri-neft sektoru kifayət qədər inkişaf etməmişdi, rəqabət imkanları nisbətən zəif idi. Bu səbəblərdən 2007-ci ildə qanun layihəsi 3-cü oxunuşa çıxarılmadı və onun qəbulu təxirə salındı.

İslahatların dərinləşdiyi indiki mərhələdə Rəqabət Məcəlləsinin qəbulu artıq vacibdir. Adıçəkilən qanun layihəsini mütləq qəbul etmək lazımdır. Ölkədə başlanılan islahatların daha uğurlu nəticələr verməsi üçün, sosial istiqamətdə böyük maliyyələşmə həyata keçirilir, bu xərclərin təmin edilməsi üçün, qeyri-neft gəlirlərinin artırılması və neft-qaz sektorundan asılılığın azaldılması üçün hökmən rəqabət amili gücləndirilməlidir. Ona görə də Prezident son çıxışlarında dəfələrlə rəqabət məsələsinə toxunub, inhisarçılığa qarşı mübarizənin zəruri olduğunu xatırlatmışdı və bu sahələrdə olan çatışmazlıqlar hökmən aradan götürülməli olduğunu deyib. Ölkəmizdə son dövrlərdə həyata keçirilən islahatlar da bunu tələb edir. Əgər bunlar edilməsə, həyata keçirilən islahatlar gözlənilən nəticələri verməyəcək. Bu məqsədlə 2020-ci ildən gec olmayaraq Rəqabət Məcəlləsi qəbul olunmalıdır.

Rəqabət Məcəlləsinin qəbulu iqtisadiyyatda rəqabət mühütinin daha da yaxşılaşdırılması istiqamətində atılacaq mühüm addımlardan biri olacaq. Digər mühüm addım daxili və xarici ticarətdə inhisarçılığa qarşı mübarizənin sərtləşdirilməsi olmalıdır. Həm inzibati, həm də iqtisadi alətlərdən istifadə etməklə inhisarçılığın zəiflədilməsi istiqamətində tədbirlər bir qədər də gücləndirilməlidir. Elə etmək lazımdır ki, hər hansı bir məhsulun idxalında və ya istehsalında heç bir sahibkarlıq subyekti 30 faizdən artıq paya sahib olmasın. Qanun layihəsi qəbul ediləndən sonra rəqabət mühütinin gücləndirilməsi müəyyən qədər vaxt aparacaq. Rəqabətin daha da dərinləşməsi üçün dövlət bütün imkanlarından istifadə etməlidir. Qanunun qəbulu ilə bütün nöqsanlar, çatışmazlıqlar tezliklə aradan qalxmayacaq. Amma digər tədbirlərin də görülməsi ilə ölkəmizdə rəqabət mühitini maksimum səviyyədə sağlamlaşdırmaq mümkün olacaq. Ölkəmizdə də eyni məhsul növləri üzrə qiymət fərqlərinin təşəkkül tapacağını görəcəyik. Bir mağaza ilə digər mağaza arasında qiymətlərdə fərqlər aydın seçiləcək. Bu fərqliliyi yaradan isə rəqabətin güclənməsi olacaq.

 

Vasif CƏFƏROV