"Şamaxı hər zaman yeraltı təkanlar üçün aktiv bölgə olub. Ona görə də həmin ərazidə zəlzələlər hər zaman gözləniləndir".
Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bu gün Şamaxıda ardıcıl zəlzələlərin baş verməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Şamaxı digər bölgələrə nisbətən seysmoaktiv zonadır. Şamaxıda hər zaman zəif təkanların qeydə alınır: "Elə gün olmur ki, orada yeraltı təkanlar qeydə alınmasın. Sadəcə, onlar zəif olduğundan və hiss edilmədiyindən məlumat verilmir. Amma bu gün Şamaxıda baş verən 2 zəlzələ 3 bal gücündə hiss edildiyi üçün bu barədə ictimaiyyətə məlumat verilib. Şamaxı-İsmayıllı ərazisi seysmoaktiv bölgələrdir. Belə təkanlar həmin ərazilərdə davam edir. Prosesin sonradan necə davam edəcəyini zaman göstərəcək".
Qeyd edək ki, bu gün Şamaxının Pirqulu kəndindən 11 km cənubda 2 ardıcıl zəlzələ baş verib. Zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub. Tikililərdə dağıntılar yoxdur.