Rusiya bu peyvəndin ikinci sınaq mərhələsinə başladı

17 Avqust 2020 10:52 (UTC+04:00)

Novosibirsk "Vektor" Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzi koronavirusa qarşı vaksinin sınağının ikinci mərhələsinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, növbəti sınaq mərhləsində iştirak edən könüllülərin hamısı özlərini yaxşı hiss edirlər.

"Klinik sınaqların ikinci mərhələsi başladı. Peyvənd olunan könüllülərin səhhətində heç bir mənfi reaksiya müşahidə olunmayıb. İnyeksiya yerində ən kiçik qızartı belə yoxdur", - Popova bildirib.

Qeyd edək ki, qeydə alınmış peyvəndin mülki dövriyyəsi tədqiqatın üçüncü mərhələsindən, təxminən bir ay sonra başlayacaq.