Bahar Muradova: Azərbaycanda ümumi demoqrafik artımla bağlı ciddi problem görmürəm

17 Avqust 2020 10:58 (UTC+04:00)

Azərbaycanda ümumi demoqrafik artımla bağlı elə bir ciddi problem görmürəm.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, hər il Azərbaycan əhalisinin sayında 100 minədək artım qeydə alınır. Deməli, ən azı bu qədər uşaq dünyaya gəlir. Sadəcə ailələrdə uşaqların say nisbəti bu və ya digər istiqamətdə dəyişə bilər.

B.Muradova qeyd edib ki, 2019-cu ilin məlumatına əsasən ölkədə uşaqların sayı 2622,4 min nəfər olmuşdusa, 2020-ci ilin əvvəlinə bu say 2636,7 min nəfər təşkil edib.
2019-cu ildə doğulan uşaqların sayı 141179 nəfər olub. Onlardan 3356 nəfər əkiz, 108 üçəm və 8 dördəm olub:

 

“Qeyd etmək lazımdır ki, 2019-cu ildə beşdən çox uşağa görə (uşaqların sayı) sosial müavinət təyin olunmuş şəxslərin sayı 8987 nəfər olub.

Bildiyiniz kimi ötən il əhalinin siyahıyaalınması həyata keçirildi və statistik məlumatların emalı aparılır. Siyahıyaalınmanın nəticəsi olaraq, demoqrafik göstəricilərlə bağlı, eləcə də çoxuşaqlı ailələrlə bağlı yeni statistik rəqəmlər ictimaiyyətə təqdim olunacaqdır. Bizim üçün əsas məsələ bir ailədə uşaqların say həddini gözləmək yox, onların sağlamlığı, inkişafı və normal təhsili üçün imkanların balansına nail olmaqdır. Bu sahədə isə dövlətimiz lazım olan bütün addımları atmağa hazırdır”.