Belarus dövlət telekanalının əməkdaşları tətil elan etdilər

17 Avqust 2020 13:43 (UTC+04:00)

Belarus-1 dövlət telekanalının da daxil olduğu “Belteleradiokompaniya”nın işçiləri tətil elan ediblər.

Axar.az xəbər verir ki, etirazçılar şirkətin rəhbəri İvan Eismonta tətillə bağlı bildiriş göndəriblər.

Şirkət işçiləri seçkinin nəticələrinin etibarsız sayılmasını, Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşinanın işdən çıxarılmasını, siyasi məhbusların azad edilməsini və mediada senzuranın ləğvini tələb edirlər.

Binanın önündə toplaşan 600-ə qədər əməkdaş "Biz vicdanlı xəbərlərin tərəfdarıyıq" plakatları ilə çıxış ediblər.

Şirkətin digər işçilərinin tətilə çıxıb çıxmayacağı-çıxmayacağı hələ ki, məlum deyil.

İvan Eismont ilə görüşən işçilərdən biri heç kimin işdən çıxmaq niyyətində olmadığını və işçilərin hər gün “Belteleradiokompaniya”nın binasının qarşısına toplaşacağını bildirib.

Bundan əlavə ONT və STV telekanallarının əməkdaşları da tətil elan etmək niyyətində olduqlarını bildiriblər. Bu məlumat bəzi televiziya işçilərinin sosial şəbəkə hesablarında da öz əksini tapıb