Təhsil naziri məktəblərin açılmasından danışdı

17 Avqust 2020 15:05 (UTC+04:00)

Avqustun 17-də  Milli Məclisin (MM) Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda  konfransı keçirilib.

Bu barədə Mövqe.az-a MM-in Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası  şəraitində  növbəti tədris ilində  təhsil  müəssisələrinin fəaliyyətinin  bərpası ilə bağlı  məsələlər  müzakirə olunub. Bildirilib ki, yeni tədris ilində təhsil  müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın  nəticələri ictimaiyyətə təqdim edilib.

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edərək  təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar  yaranan  problemlərdən çıxış yollarının  müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə  həssas yanaşmaya  görə Milli Məclis  rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Təhsil naziri Emin Əmrullayevə bu təşəbbüsə görə öz minnətdarlığını bildirdi və Milli Məclisin Sədri Sahibə Qafarovanın nazir təyin olunması münasibəti ilə Emin Əmrullayevə təbriklərini çatdırdı, ona bu çətin və məsuliyyətli işində uğurlar arzuladı. 

Sonra  nazir çıxışına  davam edərək dedi ki, hazırda  üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir.  Ölkə rəhbərliyinin bu  dövrdə  diqqət  yetirdiyi  əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi  təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı  araşdırmaların  nəticələri  barədə məlumat verdi. Təhsilin adi qaydada davam edərsə insanların  hərəkətlilik  səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğuladı, bunun müəyyən risklər yarada biləcəyini qeyd etdi. 
Nazir növbəti tədris ili üçün  təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirdi.  Qeyd   edildi ki,  “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda  təhsilin bütün davamiyyət  formaları barədə araşdırmalar  aparılıb və təkliflər verilib. 

Bildirildi ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili,  qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma  endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının  azaldılması kimi  tədbirlər  nəzərdə tutulur.  Tənəffüs  fasilələrinin  uzadılaraq şagirdlərin  açıq  havada  çox vaxt  keçirməsi  məqsəduyğun  hesab edilir.

Komitə  sədri  Bəxtiyar Əliyev  də çıxışında   indiki məqamda  qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha  məqsəduyğun  olması  ehtimalını dilə gətirdi.  O,  11 mart 2020-ci il tarixindən  fəaliyyətə  başlamış  əksər  fənlər  üzrə ölkənin iki telekanalında  dərslərin yayımının  şagird  və tələbələr  üçün çox  faydalı olduğunu  və bunun davam etdirilməsinin  zəruriliyini  qeyd  etdi.  Bəxtiyar Əliyev  həmçinin ümumi  təhsil,  məktəbəqədər  təhsil,  ali və orta  ixtisas  təhsili, peşə  təhsili, məktəbəhazırlıq  prosesinin  davam etdirilməsi  ilə bağlı  fikirlərini  açıqladı.  Qeyd  olundu ki,  bəzi ümumi, ali və orta ixtisas təhsilinin  müəyyən pillələrində  distant  təhsil forması  mövcud  proqramlara uyğun davam etdirilə bilər. 

Onlayn konfransda millət vəkilləri İsa  Həbibbəyli, Anar İsgəndərov, Musa  Qasımlı, Etibar Əliyev, Aqiyə  Naxçıvanlı, Müşfiq Məmmədov,  Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi  təkliflərlə  bağlı fikirlərini bildirdilər.

Onlayn  tədbirin sonunda təhsil naziri Emin Əmrullayev  və  komitə  sədri Bəxtiyar Əliyev millət  vəkillərini maraqlandıran   bəzi məqamlara  aydınlıq  gətirdilər.