Belarus kimin hədəfindədir?

18 Avqust 2020 08:48 (UTC+04:00)


Belarusda vəziyyət ilk baxışda gərgindir. Seçkilərdə ciddi rəqabətin baş qaldırması, seçki günü mübarizənin kəskinləşməsi, Rusiyanın respublikanı qarışdırmaq istəməsi barədə informasiyaların yayılması və daha sonra bunun təsdiqi kimi “Vaqner” muzdlu döyüşçülər qrupunun bir sıra üzvlərinin ölkəyə gəlməsi və Belarus xüsusi xidmətinin onları həbs etməsi, habelə seçki bitəndən sonra tətillərin və nümayişlərin, etiraz mitinqlərinin güclənməsi və sairə gərginliyin duyulması üçün əsasdır.
Ancaq hadisələrin gedişatını izləyəndə nələrinsə qurama olması barədə də müəyyən nüanslar ortaya çıxır. Məsələn, “Vaqner” qrupu haqda deyilənlər, elə bil ki, əvvəlcədən hazırlanmış ssenaridir. Seçkilərdən sonra “dövləti devirmək” məqsədi məqsədi olan bu cinayətkar qrupun həbs edilmiş bütün üzvlərinin Rusiyaya təhvil verilməsi daha ciddi şübhələr doğurur. Üstəlik də, Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edir, ABŞ isə seçkilərin nəticəsini tanımır. Halbuki seçkilərə qədər və ondan sonra Rusiya təkidlə Belarusu ittifaq dövləti qismində birləşməyə çağırır, amerikalılar isə Belarusu Rusiyanın təzyiqindən qorumaq üçün ona neft ixrac edir. Bu faktlar paradoksal vəziyyət yaratmırmı?
Ölkədə etiraz nümayişlərini kim təşkil edir? Bu sualın cavabı hadisələrə aydınlıq gətirmək üçün çox vacibdir. Amma hələlik biz buradan hər hansı bir qiymət vermək üçün lazımı faktlara malik deyilik. Bu məsələ bir müddət sonra açılacaq. Çünki, Belarusun xüsusi xidməti bunu bilməmiş deyil. Ancaq kənardan baxanda aydın görünür ki, hədəf yalnız və yalnız Lukaşenkoya qarşı yönəlib. Bu səbəbdən soruşmaq yerinə düşər ki, niyə?
Aleksandr Lukaşenko ola bilsin ki, yüksək demokratik prinsiplərə öz idarəetmə metodları ilə cavab verməsin. Bu, normal sayılmalıdır. Çünki, Belarus cəmiyyətinin özü heç də yüksək dəyərlər səviyyəsində fəaliyyətə tam hazır deyil. Bilmək olmaz ki, əgər açıq demokratik prinsiplərin tətbiqi ölkəyə hansı səadəti yaxud bəlaları gətirəcək. SSRİ-nin dağılmasında sonrakı dövrü xatırlayın. Radikal dəyişikliklər baş verən ölkələrdə necə faciələr yaşandı, iqtisadiyyat birdən-birə tam dağıldı, əhalinin sosial-iqtisadi vəziyyəti bərbad günə düşdü. Həmin illərdə Belarus isə xırda dəyişikliklər fonunda addım-addım irəli gedir və əhalisinin sosial vəziyyətini saxlaya bilirdi. Hətta bu ölkəni digərlərinə nümunə göstərənlər də vardı. Düzdür, çətinliklər yaşanırdı. Məsələn, Minsk dəzgahqayırma zavodunun çoxminli kollektivi adi bir səbəbdən işsiz və nəticə etibarı ilə maaşsız qalmışdı. Həmin zavodun istehsal etdiyi dəzgahlar “Azərelektromaş” EİB-nin istehsal etdiyi elelktrik mühərrikləri ilə işləyirdi. SSRİ-də olan ümümittifaq əhəmiyyətli 4 elektrik maşınqayırma zavodundan biri Bakıda yeləşirdi və Minsk zavodunun taleyi yalnız bu müəssisədə istehsal edilən müəyyən modifikasiyalı mühərrikdən asılı idi. Mühərrik isə istehsal edilmirdi, çünki Qarabağın işğal edilməsinə görə keçirilən mitinqlərə görə müəssisə işini dayandırmışdı. Minskdən zavoda hər gün yalvarışlı məktublar daxil olurdu. Sonra isə müstəqillik, Azərbaycanın müharibəyə cəlb edilməsi ilə müəssisə birdəfəlik bağlandı.

Ancaq hakimiyyətə gələn adi kənd müəllimi Aleksandr Lukaşenko ölkəsini evolyusion dəyişikliklər yolu ilə qoruyub saxlaya bildi. Hətta müstəqil şəkildə ölkə orta inkişaf yoluna da çıxdı. Təsəvvür edin ki, bu gün Belarusun maşınqayırma məhsullarının 80 faizi ixrac olunur.  Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Belarusda İT sektoru iqtisadiyyatda ən böyük paya sahib olan sahələrdəndir: “Bu sahədə təxminən 1500 şirkət fəaliyyət göstərir və 85 mindən çox adam çalışır. Belarus İT şirkətlərinin 50-dən çox ölkədə, o cümlədən ABŞ, Kanada və AB ölkələrində müştəriləri var. 2018-ci ildə bu sahənin 3,1 milyard dollar gəliri olub. İT sektorunun ÜDM-də payı 5,7 faizdir. Müqayisə üçün deyim ki, tikintinin payı 5,4 faiz, nəqliyyatın 5,8 faiz, kənd və meşə təsərrüfatının payı isə 6,4 faizdir”.
Lukaşenkonu sıxan da etiraz mitinqlərində məhz gəlir gətirən sahələrin işçilərinin iştirakıdır.

Təbii ki, bu, resdpublikada vəziyyətin ağırlaşmasına xidmət edir. Lakin düşünmürük ki, bu vəziyyət seçkilərin yenidən keçirilməsinə yaxud hakimiyyətin dəyişilməsinə gətirib çıxarsın. Lukaşenkoya “Batya” ləqəbi istehza ilə yox, xalqa yaxın olması səbəbindən verilib. O, baş verən siyasi böhranı öz “kəndçi” manerası ilə aradan qaldırmağa nail olacaq. Xaricdən isə hazırda ona birbaşa təzyiq yoxdur. Əksinə yardım təklifi ilə onunla gələcək əməkdaşlığı genişləndirmək üçün minnət qoymağa çalışanlar var. Həm qərbdən, həm də şərqdən. Belarus sakit məcraya qayıdacaq, amma daha müəyyən dəyişikliklərlə. Lukaşenko ölkəsiin müstəqilliyini qoruyub saxlamaq üçün daha da əzmlə çalışacaq. Rusiya bu ölkəyə Ukrayna kimi zorakılıq göstərməyəcək. Çünki Belarus Qərb cəbhəsinə sığınmır, MDB daxilində müstəqillik arzusu ilə çarpışır.
N.NOVRUZ