Gömrükdən sahibkarlara "qiymət" tövsiyəsi

18 Avqust 2020 12:04 (UTC+04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük İdarəsində dərman və qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Bu barədə Mövqe.az-a komitədən bildirilib. Məlumata görə, görüşdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və sahibkarlar iştirak edib. Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib. Görüşdə çıxış edən Komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.