ERKƏN NİKAHLARIN QARŞISINI NECƏ ALMALI?

18 Avqust 2020 12:49 (UTC+04:00)
Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb. Ceyhun müəllimin fikirlərinin aktuallığını nəzərə alan Mövqe.az məqaləni təqdim edir: "Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən,18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Məsələyə bir neçə aspektdən yanaşaraq, erkən nikahın səbəbləri, fəsadları və onun qarşısının alınması yollarına toxunacağıq. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələr, xüsusilə müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpmaqdadır. Təbii ki, burada din faktorunun da mühüm rol oynadığını nəzərdən qaçırmaq olmaz. Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır. Onu da qeyd edək ki, bu gün bölgələrdə ölkə əhalisinin müəyyən qismi ailə qurarkən müxtəlif səbəblər ucbatından dini kəbinə üz tutur və bu da bir sıra hallarda erkən nikahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır. Azərbaycan dünyəvi dövlətdir və bütün məsələlərin həlli qanunvericilikdə öz əksini tapmışdır. Nəzərdən qaçırmayaq ki, ölkəmiz İslam dini dəyərlərinə hörmətlə yanaşır. Həmçinin milli adətləri yaşadan bir millətik, buna görə dini dəyərləri üstün tutan şəxs bir qayda olaraq, həm dini, həm də hüquqi kəbin kəsdirir. Dövlətin nikahı olmadan isə dini kəbinin kəsilməsi yolverilməzdir. Bunun qarşısının alınması, fəsadları barəsində maarifləndirmə işlərinin aparılması istiqamətində işlər daha da gücləndirilməlidir. Burada daha bir məsuliyyət isə valideynlərin üzərinə düşür. Elə valideynlər var ki, qız övladlarını məktəbdən, təhsildən uzaqlaşdıraraq erkən nikaha cəlb edirlər. Belə qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından da məhrum edilirlər. Bunun fəsadları isə illər sonra özünü büruzə verir. Cəmiyyətə inteqrasiya edilməkdən məhrum olunan qız uşaqları bəzən intihara əl atır, ağır psixoloji sarsıntı keçirirlər. Valideynlərin bu addımı atmasına səbəb bəzən maddi durumun aşağı olması, bir sıra hallarda isə qız uşaqlarına "ağır yük" kimi baxması olur. Bunun dərin psixoloji, sosioloji səbəbləri mövcuddur. Bizim üzərimizə düşən bu sahədə qanunun aliliyini təmin etməkdir. Qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçınılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədər şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar. Erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqəti çəkib qeyd etmək istəyirəm ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır. Gənclər üçün erkən nikahın fəsadlarını vizual şəkildə çatdıra bilən sənədli filmlər hazırlanmalı, sosialyönümlü reklam çarxları çəkilməlidir. Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik".