"ASAN xidmət" və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasnamələrində dəyişiklik edilib

18 Avqust 2020 14:02 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd əlavə edilir: "3.1.11-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin "Hökumət buludu"nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;". Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilir: 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilsin: "2.0.17-1. "Hökumət buludu"nun fəaliyyətini və istifadəsini təşkil edir;"; "3.0.78-1. "Hökumət buludu"nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;"; "3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin "Hökumət buludu"ndan istifadəni təşkil etmək; 3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də "bulud" texnologiyasına əsaslanan "bulud" xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək; 3.0.79-3. "Hökumət buludu"nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;"; 3.0.79-cu yarımbənd aşağıdakı redaksiyada verilir: "3.0.79. "Hökumət buludu"nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;". Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na aşağıdakı məzmunda 1.8-ci bənd, 6.0.2-1-ci və 7.1.3-1-ci yarımbəndlər əlavə edilir: "1.8. Dövlət informasiya ehtiyatları və sistemləri "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında nəzərdə tutulmuş Keçid Planına uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu"nda yerləşdirilir, aparılır və Data Mərkəzində saxlanılır."; "6.0.2-1. dövlət informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu"nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;"; "7.1.3-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu"nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;".