Nə üçün koronavirusa yoluxmada sürətli azalıb-artma baş verir?

19 Avqust 2020 07:56 (UTC+04:00)

Pandemiyanın sərhəd tanımaması haqda bütün dünya eyni fikirdədir. Buna qarşı sipər yaratmaq məsələsində də eyni fikir hakimdir.  Bu isə bütün ölkələrin və cəmiyyətlərin qoşulduğu mütəşəkkil fəaliyyətdir. Yəni, bir ölkə daxilində hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməklə onun qarşısını almaq olar. Bu səbəbdən hələ xəstəliyin ilk simptomları özünü göstərən vaxt çevik hərəkət edib lazımı tədbirlər görülən ölkələrdə pandemiyanın səviyyəsini azaltmaq mümkün olub. Xöşbəxtlikdən Azərbaycan məhz bu yolla gedib və nəticə də göz qabağındadır.
Hələ mart ayının 23-də Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı Azərbaycana göndərdiyi məktubda  bu sahədə ölkəmizdə görülmüş işlərə yüksək qiymət verilmiş, ÜST-ün ölkəmizdə olan nümayəndə heyətinin müsbət rəy hazırladığı qeyd edilmişdi.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə yerli və beynəlxalq miqyasda fəallığını getdikcə artırır, qlobal həmrəylik nümayiş etdirir və əlbir mübarizə üçün təkliflərini verir.
Amma qısa müddətdə bu proses elə bir vüsət alıb ki, virusun yayılması bir aya epidemiyaya, daha sonra isə pandemiyaya çevrilərək 200-dən çox ölkəni ağuşuna alıb. Bu, böyük bəla, genişmiqyaslı səhiyyə böhranıdır. Xüsusilə, gözlənilməz olduğuna görə çeviklik və intizam olmayan yerdə ciddi fəsadlara səbəb olub. Təbii ki, yerli, regional və beynəlxalq proseslərdə çoxdan öz yeri və fəaliyyəti olan Azərbaycan pandemiyaya qarşı mübarizədə özünəməxsus söz yiyəsidir. Buna görə nəticə də pis deyil. Artıq koronavirusun yayılma prosesi xeyli zəifləyib.

Lakin son bir həftənin dinamikası göstərir ki, yoluxanların sayında ciddi tərəddüdlər var. Nə üçün bir gün 83, səhərisi 93, daha sonra 104, müvafiq surətdə 89 bunun dalınca 124 yoluxma hadisəsi baş verir. Düzdür, bu, böyük nöqsan deyil, amma artıb azalma bu işin hələ uzun sürəcəyini göstərir. Ölkəmizin həkimlərinin və bu iş üzrə yaradılmış Operativ Qərargahın üzvləri çalışırlar ki, yoluxma sayı ümumiyyətlə aradan qalxsın. Günün sualı da odur ki, əgər bir günlük yoluxma 79-a düşürsə, görəsən, hansı səbəblərdən sonra yoluxma sayı 124-ə qalxır?
Avqustun 17-də koronavirusa görə günün statistikası belə olub: Azərbaycanda daha 124 nəfər koronavirusa yoluxub, 167 nəfər sağalıb, 2 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 836 908 test icra olunub.
Tarixin çətin sınaq dövrü ölkəmiz üçün qazanılmış siyasi və iqtisadi immunitetin yeni mərhələsinə çevrildi. Belə ki, pandemiya bəlası Azərbaycan modelini aşıb keçə bilmədi.

Dövlətimiz, idarə etdiyi vətəndaşları ilə birlikdə bu sınaqdan qalib çıxdı. Ancaq təhlükə hələ də qalır və onun birdən-birə genişlənməsi də gözlənilir. Gündəlik artıb-azalma isə daha təhlükəlidir.

Bu onu göstərir ki, vətəndaşlarımız qaydalara ciddi əməl etmir. Əgər bu gün statistika yeni ümidlər doğurursa, bu hələ hər şeyin arxada qalması demək deyil. Təəssüf ki, çoxları bunu dərk etmir və qaydaları tamamilə unudur.  
Vətəndaşları məsuliyyətsizliyə cəlb edən amillərdən biri də sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan alimlərin çıxışlarının yayılmasıdır. Həmin çıxışlarda koronavirus təsdiqlənsə də, onun adətkərdə olduğumuz viruslardan fərqlənmədiyini, gözəgörünməz dairələrin planetin əhalisinin sayını azaltmaq üçün bunun bir oyun olmasını iddia etməsidir. Son belə videolardan biri özünü italyan həkim-alim kimi təqdim edən və Roberto Ptrelli adlanan şəxsin videosudur.

Onun həqiqətən həkim olub-olmaması, alimliyi, şəxsiyyəti barədə təqdim olunan məlumatın dəqiqliyi bizə məlum deyil. Amma videosu sürətlə yayılır və insanlar buna inanırlar. Yaxşı olar ki, vətəndaşlar bir az ayıq düşünsünlər. Axı, təxribat, yaxud sadəcə bir blogerin “layk” və “abunəçi” əldə etmək, bununla da pul qazanmaq üçün bir tryuku ola bilər. Yox, müasir dünyada hər şeyi dinləmək olar, amma hər şeyə inanmaq düz deyil. İnsan gördüyü fakta istinad etməlidir. Hətta sosial şəbəkələrdəki fikirlərə inansaq belə, ehtiyatlı tərpənməli və tələb olunan qaydalara axıradək əməl etmək vacibdir. Axı, biz sağlamlığımızı qorumaq istəyirik, bunu özümüzdən yaxşı kim edə bilər?
N.NOVRUZ