Qərb Belarusu, Rusiya da Ermənistanı qarışdırır

19 Avqust 2020 08:14 (UTC+04:00)


İrəvan yenə də təşviş içindədir. Bu dəfə Ermənistanı qorxuya salan Belarusda baş verən olaylardır. Belə ki, Ermənistanda Qərb Belarusu qarışdırsa, Rusiya da Ermənistanı qarışdıracaq kimi iddialar səslənir. Onların fikrincə, bu halda Qərbin də müdaxiləsi Ermənistanda durumu daha da pisləşdirəcək.
Qeyd edək ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan hakimiyyətə məhz Qərbin dəstəyilə gəlib. Bu isə şimal ölkəsi olan Rusiyanın maraqlarına cavab vermədiyindən Paşinyan iqtidara sahib olandan Moskva ilə İrəvan arasında soyuq küləklər əsməyə başlayıb. Belə vəziyyətdə Moskva Ermənistanda yenidən öz adamını oturtmaq üçün aydın məsələdir ki, hər fürsətdən istifadə etməyə çalışacaq. Rusiya üçün əsa hədəf Paşinyanı öz adamı ilə əvəzləmək istəyidir. Bu müstəvidə də Belarus hadisələri fonunda İrəvanda bəziləri bu qənaətə gəlib ki, Qərbin Belarusu qarışdırmasının ardınca Moskva da Ermənistanın hazırkı hakimiyyətini devirmək üçün anoloji hərəkətdə bulunacaq.  Hadisələr bu məcrada inkişaf edə bilərmi?
Politoloq Nəzakət Məmmədovanın fikrincə, Rusiya istənilən anda yerli dayaqları vasitəsilə Ermənistanı qarışdıra bilər: "İstənilən xarici müdaxilə yolverilməzdir və heç də dövlətin, xalqın mənafeyinə xidmət etmir. İstənilən ölkəyə müdaxilə edən xarici qüvvə də aydın məsələdir ki, bunu öz marağı naminə edir. Yəni heç bir halda, xarici qüvvələr bunu müdaxilə etdiyi dövlət və ya xalqın mənafeyi naminə etmir. Ermənistana gəldikdə, Rusiyanın bu ölkəyə müdaxilə etməsinə ehtiyac da yoxdur, çünki Moskva artıq çoxdan buradadır. İstədiyi vaxt bu ölkəni qarışdıra bilər. Paşinyanın hakimiyyətə gəlməsi hələ Qərbin Ermənistanda olması demək deyil. Paşinyan Ermənistanın idarəetmə və siyasi sistemində bir qaydadır. Amma o qaykanı buranlar başqalarıdır, başqa gözəgörünməz əllərdir. Paşinyan Ermənistanda heç üç qərarvermə mərkəzlərindən biri də deyil.  Burada ordu proseslərə təsir etmə mexanizminə malik bir güc mərkəzidir. Ölkənin Prezidenti isə İngiltərənin adamıdır, kraliçaya yaxındır. Baş nazir Paşinyanın ayrı komandası var. Müxalifət adı altında əsasən  "Qarabağ klanı" çıxış edir.  Onlar da ikibaşlıdır, Köçəryan və Sarkisyan tərəfdarları. Müxalifət həmçinin Qarabağ və Ermənkistan ermənilərindən ibarət bir-birilə yola getməyən hissəsi də mövcuddur. Yəni Ermənistanda qərarvermə mərkəzləri parçalanıb. Bu müstəvidə Ermənistandan nə Rusiya gedib, nə də Qərb. İmperiyalar itirdikləri ərazilərdən heç də tam getmirlər, onun orada həmişə "5-ci kolonu", dayaqları olur. Hər ikisi oradadır.
Bu fonda da Rusiyanın Ermənistana müdaxiləsi, bu ölkəni qarışdırması açıq formada, demarş şəklində ola bilər. Moskva öz marağına açıq şəkildə təhlükə yarananda bu ölkədəki mövcudluğunu açıq şəkildə büruzə verəcək. Necə ki, Rusiya indi Belarusa qoşun yeritmək məsələsini ortaya atır. Bundan başqa, Moskva Ukraynaya da beləcə açıq müdaxilə etmişdi. Fransa da da Ermənistandadır, Paşinyanın şəxsində. Paşinyan Fransanın, Prezident Armen  Sarkisyan isə İngiltərə kral ailəsinin bu ölkədəki dayaqlarıdır. Ordu isə Rusiyanın təsiri altındadır.   Yəni ermənilər bütün güc mərkəzlərilə işləyir, onların təsirinə düşür, yarımmüstəmləkə olmaqlarını qəbul edirlər. Düşünmürəm ki,  Ermənistanı qarışdırarkən Rusiya ora qoşun yeritsin, artıq ruslar da bicləşib, inqilabı lazım gələndə özləri edir. Yəni onlar da əvvəlki kimi qarşıdurma yaratdığı ölkədə xalqı saymamaq yolunu tutmur, artıq xalqdan istifadə edirlər. Bütün dünyanın güc mərkəzləri Ermənistandadır. Çünki Ermənistan bədbəxt ölkədir. Rusiya belədə bu ölkəyə kənardan müdaxilə etməyəcək. Çünki lazım gələndə Ermənistandakı dayaqları vasitəsilə bu ölkəni istənilən an qarışdıra bilər".
Rüfət NADİROĞLU