Tədrisin hansı formada olacağı hələ də müəmmalıdır

19 Avqust 2020 08:26 (UTC+04:00)


Bilindiyi kimi, koronaviris pandemiyası fonunda cari ilin mart ayından etibarən dərslər dayandırılıb.   Pandemiyanın hələ də öz təsirini göstərdiyi indiki zamanda növbəti dərs ilinin ənənəvi formada bərpası da mümkünsüz görünür. Bu günlərdə Təhsil naziri Emin Əmrullayev də bildirib ki, dərslərin ənənəvi formada bərpası mümkün deyil. Bu isə o deməkdir ki, orta və ali məktəblərdə dərslər digər formalarda keçirilə bilər. Digər formada dərslərin keçrilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək?
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, onlayn tədris sistemi təhsilin keyfiyyətinə müsbət təsit göstərməyəcək: "Birmənalı şəkildə deyim ki, yeni proqram təminatı, yeni yanaşma və yeni layihə yoxdursa, martdan keçirilən onlayn dərslər təhsilin keyfiyyətinə heç bir müsbət effekt verməyəcək. Tədrisin bu formada həyata keçirilməsi keyfiyyət baxımından çox pis nəticələr verəcək. Yəni bu vəziyyət şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasına imkan verməyəcək".
Ona görə də həmsöhbətimizə görə, burada çıxış yolu dərslərin növbəlik prinsipilə keçirilməsidir: "Dərslər növbəlilik prinsipilə bərpa edilməlidir. Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. İbtidai siniflərdə dərslər heç bir halda onlayn keçirilə bilməz. 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn həyata keçirilməlidir.  Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidir. Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir. Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər olmalıdır.  Əlbəttə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər. Növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir".
K. Əsədov düşünür ki, bu istiqamətdə digər çıxış yolu dövlətin yükünün azaldılması üçün özəl sektora fəaliyyət müstəqillyi verilməsidir: "Hazırlıq kursları, tədris mərkəzləri özəl liseylərin fəaliyyəti tam olaraq bərp edilməlidir. Çünki orada say azdır və nəzarət güclüdür və onlar kommersiya maraqları üçün daha yaxşı xidmət gödtərməkdə maraqlı olacaq. Eyni zamanda, məsuliyyətin bölüşmə prinsipi tətbiq edilməlidir.
Ali təhsil müəssisələrində, magistraturada çox az tələbə olduğundan onu başlamaq olar. İki yanaşma tərzi var. Spesifik ixtisaslar üzrə, tibb təhsili alan tələbələrin regionlardan Bakıya gəlməsinə də ehtiyac yoxdur. Pandemiya bitənə qədər tələbələr regionlardakı xəstəxana və klinikalara yönləndirilməlidirlər. Burada beləcə onlar zəruri biliklərə də yiyələnərlər. Bu kimi yollarla vəziyyətdən çıxmaq mümkündür".
Rüfət NADİROĞLU