Minsk qrupu susduqca erməni sərsəmləmələri artır

19 Avqust 2020 08:49 (UTC+04:00)


Ermənilər sərsəm bəyanat verərək indi də Gəncəni vurmaqla hədələyirlər. Bu sərsəm yanaşma bir daha onu göstərir ki, İrəvan  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil.  Digər tərəfdən, onların bu sərsəm açıqlamaları Azərbaycan Ordusunun gücünü görərək özlərinin qorxuya düşmələrinin nəticəsidir. Bu kimi sərsəmliklərlə guya düşməndən dəfələrlə güclü olan Azərbaycan Ordusuna hədə-qorxu gələcəklərini düşünürlər. Başqa bir tərəfdən, ermənilərin belə sərsəm fikirlər səsləndirmələrinə münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk qrupunun sərgilədiyi münasibət də öz təsirini göstərir. Belə ki, Minsk qrupu hələ də işğala son qoymaq üçün Ermənistana münasibətdə təsirli hər hansı bir addım atmır. Belə sərsəm yanaşma fonunda Qarabağ məsələsinin dinc müstəvidə həllinin üzərindən birdəfəlik xətt çəkildiyini demək olarmı?
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, İrəvanın sərsəm açıqlamaları fonunda Azərbaycan artıq danışıq prosesinin bitdiyi barədə beynəlxalq təşkilatlara fikrini çatdırmalıdır: "Birincisi, Ermənistanın bu cür sərsəm bəyanatlar verməsi bir daha sübut edir ki, həmin ölkə təcavüzkar siyasətindən imtina etmək fikrində deyil.  Azərbaycanın daha yeni torpaqlarını işğal etmək məqsədi güdür.
Ümumiyyətlə, görünən odur ki, düşmən ölkə Azərbaycanla dinc vasitələrlə danışıqlar aparmaq fikrindən qat-qat uzaqdır.  Ona görə düşünürəm ki, Azərbaycan dövləti Ermənistanın bu sayaq davranışına adekvat cavab verməlidir. Uyğun şəkildə bütün dünyaya, özəlliklə də beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələrinə bəyan etməliyik ki, Ermənistanla aparılan dinc danışıqlar səmərəsizdir. Üstəlik Ermənistan özünün təcavüzkar siyasətini genişləndirmək məqsədi güdür. Konkret olaraq, Gəncə şəhərini vurmaqla hədələyirlər. Bundan öncəki dövrdə də erməni rəsmilərinin dilində Kür çayına qədər ərazilərimizin işğalı, Ermənistan sərhədi boyu az qala bütün Azərbaycan ərazilərinin işğal edilməsi kimi sərsəm bəyanatlar səsləndiriblər. Düşünürəm ki, Azərbaycan dövləti artıq masa arxası danışıqların birməsilə bağlı beynəlxalq tərəfdaş və təşklatlara öz fikirlərini çatdırmalıdır".
Politoloq Adın Quliyevin fikrincə, ermənilərin həmin aqressiv bəyanatı onu götərir ki, Ermənistanın Qarabağ problemini dinc şəkildə həll etməyə razı olacağı praktik şəkildə mümkünsüzdür: "Ermənistan Azərbaycandan qopardığı torpaqları dinc şəkildə geri qaytarmayacaq. İnandırıcı deyil ki, Ermənistan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı   beynəlxalq təşkilatların qərar və sənədlərini dinc şəkildə icra edəcək. Düşmən ölkənin ortaya qoyduğu mövqe bir daha sübut edir ki, İrəvanın siyasəti başqa ölkələr, o cümlədən Azərbaycandan mümkün qədər  torpaq qoparmaq üzərində qurulub və işğalçı rejim qonşuları,  xüsusən də ölkəmizlə dinc şəraitdə yaşamaq fikrində deyil.  Bu hadisə bir daha sübut edir ki,  beynəlxalq ictimaiyyət və dünya rəsmiləri Ermənistanın təcavüzkar dövlət olduğuna xüsusi diqqət yetirməli, bu ölkənin qonşuları ilə münasibətləri tam nəzarətə götürülməlidir. Beynəlxalq təşkilatlar dünyada sülh və təhlükəsizliyin qayğısına qalırsa, ilk növbədə İrəvanın işğalçı siyasətinə son qoymalıdırlar. Ermənistan indi də  ikinci paytaxtımız Gəncə şəhərinə iddia etməyə başlayıb. Şəhərə hərbi zərbə endirmək kimi hədə-qorxu gəlməyə çalışırlar.
Sabah istisna deyil ki, düşmən  Azərbaycanın başqa bölgələrinə münasibətdə də belə sərsəm iddiaları ortaya qoyacaqlar.  Hətta bu sayaq sərsəmliklə onlar digər region dövlətləri, ilk növbədə Gürcüstanla bağlı belə ərazi iddialarında buluna bilər. Ona görə də Gəncə ilə bağlı ermənilərin sərsəmlikləri dünya birliyi üçün ciddi siqnal olmalıdır. Onlar Ermənistanın qonşulara münasibətdə təcavüzkar və aqressiv siyasət aparmaq planlarına malik olduğuna ciddi yanaşmalıdırlar".
R. SOLTANOV