Banklara inam sarsılır

20 Avqust 2020 09:11 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, avqustun 18-də ləğv prosesində olan "Amrah Bank" ASC-nin bir qrup əmanətçisi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları ötən il iyulun 1-dən sonra bankda yerləşdirdikləri əmanətlərin geri qaytarılmamasına etiraz ediblər.
Əmanətçi Fərhad Orucovun mətbuata bildirdiyinə görə, 2018-ci ildə "Amrah Bank"ın "Güvən Əmanət"i adlı layihəsi çərçivəsində depozit yerləşdirib: "Həmin vaxt manat əmanətlərinin sığortalanma faizi 15% idi, mən isə illik 13%-lə qoymuşdum. Daha sonra, müəyyən vaxtlarda əlavə yatırımlar etmişdik. 2019-cu il iyulun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanma fazini 10%-ə endirdi və bundan sonra əmanətimi sığortasız hesab edirlər, halbuki biz əmanət hesabını 2018-ci ildə açmışdıq. İyulun 1-dən sonra qoyulan əmanətlər qaytarılmır. AMB sədrinin I müavini Alim Quliyev keçən dəfə bizə dedi ki, sizin bankda problem yoxdu, gedin münasibətlərinizi ADIF-lə tənzimləyin. Bizim də ADİF-lə heç bir münasibətimiz yoxdur. Bundan başqa, avqustun 12-də ADIF-in sədri Tural Piriyev bildirdi ki, Konstutisiya Məhkəməsinin qərarından sonra, ləğv olunmuş 4 bank üzrə bloklanmış bütün əmanətlər qaytarılacaq. Amma əmanətlər hələ də blokdadır".
Qeyd edək ki, "Amrah Bank bu ilin yazında bağlanan 4 bankdan biridir. Bankların əmanətçilərə belə münasibəti, bu vəziyyət vətəndaşların banklara inamını nə dərəcədə sarsıdır və bank əmanətlərinin həcminin azalmasını gözləmək olarmı?
Maliyyə və bank eksperti Əkrəm Həsənov bildirdi ki, əmanətçilərə münasibətdə bəzibankların saymazyana münasibəti istər-istəməz banklara olan etibarın zəifləməsinə səbəb olur. Bu da öz növbəsində əmanətlərin həcminin azalması ilə nəticələnə bilər: "Bildiyiniz kimi, bu ilin aprel, may aylarında "Amrah Bank"la yanaşı 4 bank bağlandı. Ardınca baş verənlər bankda vəziyyəti daha da pisləşdirdi. Azərbaycanda 2007-ci ildən əmanətlərin sığortalanması sistemi fəaliyyət göstərir. 2016-cı ildən isə əmanətlərin tam sığortalanması sistemi var. Amma bununla belə yeni-yeni meyarlar meydana çıxarırlar.
Sistem bilmir ki, hansı hallarda nə etmək lazımdır, hansı pullar qorunan, hansıları isə qorunmayandır. Bütün bunlar göstərir ki, bank sistemində ədalətsizlik hökm sürür. Bank sisteminin rəhbərləri ya nə etmək lazım gəldiyini bilmir, ya da özlərini bilməməzliyə vururlar. İnsan üçün əmlak hər şeydən vacibdir. O gedib pulunu banka etibar edir və bankın da vəzifəsi həmin vəsaitləri qorumaqdır. İki məsələ ilə bağlı əmanətçilər Konstitusiya Məhkəməsinə çıxıblar. Əmanətçilərin şikayəti ötən ilin 1 iyul tarixindən "Amrah Bank"a verilən əlavə borclarla bağlıdır. Əmanətçilər bankla əmanət müqaviləsi bağlayıb. Həmin əmanət müqaviləsinin şərtinə görə əmanətçilər müqavilə qüvvədə olduğu müddət ərzində əmanətlərini artıra bilər. Onlar belə də ediblər. Müqavilə imzalananda əmanətlərin qorunma faizi 15 faiz olub. Ötən ilin 1 iyul tarixindən isə həmin nisbət 10 faizə endi. Əmanətlərə əlavələr ediləndə də bank onları 15 faizlə qəbul edib, halbuki həmin dövrdə 10 faiz idi. Halbuki bu bank da Əmanətlərin Sığortalanması sisteminin iştirakçısıdır. Yəni vətəndaşlar müqavilə bağlayanda qorunma şərtlərində bu amil də nəzərə alınıb. Həmin vətəndaşlara üzümü tutub demək istəyirəm ki, etiraz aksiyaları keçirmək də düzgün yol deyil. Nəzərə alaq ki, bu aksiyalar qanunsuzdur. Sadəcə olaraq, Nəsimi Rayon Məhkəməsində məsələ ilə bağlı iddia qaldırmaq lazımdır. Artıq bu istiqamətdə şəxsən bir nəfərə görə, iddia ərizəsilə çıxış etmişik.
Aydın məsələdir ki, belə yanaşma vətəndaşların bank sektoruna olan ümid və etimadını puç edəcək. Belə hallar ölkədə bank sisteminə etimadın aşağı düşməsinə gətirib çıxara bilər. Bu kimi halların olması fonunda insanlar artıq banklara pul qoymaqdan çəkinirlər. Bir sıra banklar qəbul edilən və bağlanan müqaviləşərtlərinə də əml etmir. Bu biabırçı haldır. Yaranmış vəziyyət bank əmanətlərinin həcminin azalmasına da gətirib çıxara bilər. Çünki etibarın azalması fonunda banka pul yatırmaq arzusu da azalır".
R. SOLTANOV