Koronavirus dövründə Azərbaycanda istehsal baxımdan artan və azalan məhsullar

20 Avqust 2020 10:06 (UTC+04:00)

Azərbaycanda 2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 27,6 faiz artım, içki istehsalında 7,0 faiz, qida məhsullarının istehsalında isə 1,5 faiz azalma müşahidə olunub.

"Mövqe"nin Trendə istinadən verdiyi məlumata görə, bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 35,6 faiz, qaymaq və xama istehsalı 7,2 faiz, marqarin istehsalı 7,0 faiz, kərə yağı istehsalı 1,5 faiz artmış, duru bitki yağlarının istehsalı 3,8 faiz, qənd və şəkər tozunun istehsalı isə 22,4 faiz azalıb.

Qeyd olunan müddət ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 220,0 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə geyim istehsalında 15,8 faiz, toxuculuq sənayesində 0,4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 13,2 faiz azalma müşahidə olunub.