Bakının 1500 sakini arasında seroloji testlərin aparılmasına başlanılıb

20 Avqust 2020 11:31 (UTC+04:00)

Bu həftə paytaxtın 1500 sakini arasında seroloji testlərin aparılmasına başlanılıb.

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə strategiyasının əsas hissəsini təşkil edən testlərin gedişi barədə məlumat verən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev AZƏRTAC-a deyib: “Son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazananların statistikasını müəyyən etmək məqsədilə bu həftənin əvvəllərindən başlanılan seroloji testlər pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Əvvəl virusa yoluxub-yoluxmadığı barədə təbii ki, hər kəs məlumat əldə etmək istəyər. Ona görə də şəhər sakinləri arasında bu fürsətdən yararlanaraq analiz verərək özünün bu virusa qarşı immunitetinin olub-olmadığını öyrənmək arzusunda olanlar kifayət qədərdir. Aparılan testlər vasitəsilə onların arasında son aylar ərzində xəstəlik keçirərək immunitet qazananların sayını müəyyən etmək mümkün olacaq”.

Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır və proqram əsasında seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq verən paytaxt sakinlərinin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilir: “Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayət edir. Alınan qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçirilir və analiz zamanı əldə edilən nəticələrin tibbi və statistik təhlili aparılır. Müayinələr bir neçə gün əvvəl başladığına görə əldə edilən nəticələr haqqında danışmaq hələ tezdir. Lakin yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

“Bəzən müəyyən əhali qrupları arasında yanlış olaraq belə fikir formalaşır ki, guya seroloji testlər payız-qış mövsümündə yayılan digər virus infeksiyaları ilə əlaqədar immunitet yaranıb-yaranmadığı barədə məlumat verir. Lakin bu, qətiyyən doğru deyil. Seroloji test yalnız koronavirusa qarşı yaranan anticisimlər haqqında məlumat verir. Onu da qeyd etmək istərdim ki, testlərin aparılması tam təhlükəsizdir”,- deyə Vasif Əliyev bildirib.

İşçi qrupunun rəhbərinin verdiyi məlumat görə, bu həftə Bakı şəhərindən başlanılan seroloji testlər Sumqayıt və Gəncə şəhər sakinləri arasında da analoji qaydada aparılacaq.