Maestro Niyazinin 108 illiyi münasibətilə videoslayd hazırlanıb

20 Avqust 2020 12:59 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi məşhur azərbaycanlı dirijor və bəstəkar Maestro Niyazinin 108 illiyi münasibətilə videoslayd hazırlayıb.

Mövqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, videoslaydda Maestro Niyazinin həyatından, yaradıcılığından, ev-muzeyindən bəhs edən şəkillər tərtib edilib.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyərdi: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.

Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.