Sabahdan imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq

20 Avqust 2020 16:54 (UTC+04:00)

Avqustun 21-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

DİM-dən Mövqe.az-a  bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Avqustun 21-də saat 16:00-da DİM-in “Facebook” səhifəsi və “YouTube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

Qeyd edək ki, DİM tərəfindən bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.