Cənubi Qafqazda geostrateji maraqlara uyğun yeni düzən formalaşır

22 Avqust 2020 08:17 (UTC+04:00)

 

ATƏT-in Minsk qrupu yaradılan vaxtdan etibarən Qarabağ münaqişəsinin həllində bütün imkanları ilə vuruşmağa çalışan Türkiyə nəhayət ki, istəyinə çatmmaq üzrədir. Adıçəkilən qrup yaradılarkən həmsədr dövlətlərin və Ermənistanın razılığı olmadığı üçün Türkiyə həmsədr ölkələr qrupuna daxil edilmədi. Digər həmsədr dövlətlərə (Rusiya, Fransa və ABŞ) nəzər yetirdikdə məlum olur ki, heç biri Ermənistan ilə həmsərhəd deyil, onunla heç bir coğrafi təması yoxdur. Həmin dövlətlərin Ermənistanla münasibətləri siyasi və maliyyə ianələri üzərində qurulub. Elə buna görədir ki, Minsk Qrupunun vasitəçilik təşəbbüsləri həmişə nəticəsiz olub və münaqişə həll edilməmiş qalıb.
Zaman sözünü deyir və Türkiyənin mübarizəsi son stadiyaya daxilolma kimi görünür. Bu gün Türkiyə Qafqazda söz sahibi hüququnu genişləndirərək iki xarici dövlətdən biridir. Regionun lideri olan Azırbaycanla birgə siyasi, iqtisadi və hərbi fəaliyyət isə bu tandemi daha güclü edir.
Türkiyənin məqsədi Qafqazlarda sülhün bərqərar olması və hərtərəfli əməkdaşlığın qurulması ilə  çiçəklənmə layihəsini həyata keçirməkdir. Azərbaycan və Türkiyə bu məqsədə uyğun sürətli inkişaf yolundadırlar. Gürcüstan onları qarabaqara izləyir. Qalır tək Ermənistan ki, əvvəlcə onu qəsbkarlıqda uzaqlaşdırmaq, sonra isə ümumi axına qoşmaq lazımdır. Lakin bu ölkənin dövlət kimi yarımçıqlığı və sərbəst olmaması ona təsiri zəiflədir. Belə olan halda Türkiyənin siyasi strategiyası Rusiya ilə əməkdaşlıq tellərini möhkəmləndirmək fonunda lazımı məsələlərdə müttəfiqlik yaradaraq son məqsədə çatmaqdır. Hazırkı vəziyyət bu strategiyanın doğruluğunu təsbit etmək üçün kifayət qədər əsas verir.
Türkiyənin siyasətində Qarabağ məsələsi bütövlükdə Cənubi Qafqazda əməkdaşlığın intişarına hesablanıb. Vaxtilə bu məqsədlə qardaş ölkə tərəfindən Ermənistana edilən təkliflər, məsələn, Ermənistanın regiondakı iqtisadi layihələrə qoşulması müqabilində təcavüzkarlıqdan əl çəkməsi bildirilsə də buna rədd cavabı verilib. Bir çox belə gedişlərə mənfi cavab alan Türkiyə onda sərt addımlar atmağa başlayıb və Azərbaycanla hərbi-siyasi ittifaqın yaradılmasına yönəlik siyasətə keçib. Lakin bununla da kifayətlənməyərək zaman-zaman böyük Türk dünyasının birliyi məsələsi irəli çəkilib. Bu istiqamətdə əldə edilən uğurlar strateji fəaliyyətin güclənməsinə təsir edib. Artıq inamla demək olar ki, Türkiyə regionda sözünü deyib, həyata keçirməyi bacaran supergücdür.
Türkiyənin uğurunun ardıcıllığı onun beynəlxalq aləmdə bütün cəbhə boyu inkişafına bağlıdır.

Qardaş ölkənin beynəlxalq təsir dairəsi xeyli dərəcədə genişlənib və əldə edilənləri saxlamaq üçün müvafiq coğrafiyada hərbi bazalar şəbəkəsi də yaradılıb. Azərbaycan Ordusu ilə birgə keçirilən hərbi təlimlərin məzmunu və miqyası, eyni zamanda qarşılıqlı inteqrasiyası bunu deməyə əsas yaradır ki, artıq Azərbaycanda da Türkiyənin hərbi gücünü ehtiva edən baza mövcuddur. Xüsusilə, düşmənin Tovuz təxribatından sonra hərbi əlaqələr sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı təkcə iki ölkə üçün yox, bütövlükdə Türk dünyası üçün örnəyə çevrilib.

Buna görə də, artıq, sosial şəbəkələrdə hərbi ekspertlər tezliklə dünyaya səs salacaq Turan Ordusunun yaradılması ideyasının gerçəkləşdirilməsi barədə müzakirənin sürətləndirib, hətta bəziləri irəli gedərək bu hadisənin baş verəcəyi konkret tarixi də göstərir. Bunlar isə səbəbsiz deyil. Türkiyənin hərbi gücü, ona dəstək verən Azərbaycanın və bunun dalınca digər türk dövlətlərinin siyasi birliyinin yaradılması adı çəkilən dövlətlərin hamısına hava-su kimi vacibdir.    
Nəticə isə bütün dünyaya təsirli olacaq. Belə ki, Qarabağın işğaldan azad edilməsinə olan ümidlər xeyli güclənib. Bu ümid prosesin sürətinə də şamil olunur. Qarabağın azadlığı isə beynəlxalq aləmdə qüvvələr nisbətinin tənzimlənməsində yeni sistem quracaq. Buna görə Qarabağdan sonra Liviya və Suriya kimi cəbhələrdə də sabitliyin və asayişin yaranması gözləniləndir. Bu mənada Qarabağ münaqişəsinin həlli böyük beynəlxalq əhəmiyyət daşıyır.
N.NOVRUZ