Sibirin ən qorxulu həbsxanası -Minusinsk türməsi

22 Avqust 2020 11:19 (UTC+04:00)
Ən yeni tarix. Maraqlı faktlar. Sibirin ən qorxulu həbsxanası– haqqını tələb edənlər qızdırılmış armaturla döyülür, yerindəcə öldürülürdü... Minusinsk türməsi – uzaq Sibirdə, Krasnoyarsk diyarının Minusinsk şəhərində yerləşən bu həbsxanada sovet dövründə minlərlə məhbusun həyatına son qoyulub. Uzun illər fəaliyyəti yalnız öz "qanun"ları ilə tənzimlənən türmədə cəzanı sağ-salamat başa vurub geri dönmək hər məhbusa qismət olmayıb. Xüsusilə, 1930-1940-cı illərdə bu həbsxana əsl ölüm düşərgəsinə çevrilib. Minusinsk türməsi hələ Çar Rusiyası dövründə, 1912-ci ildə inşa edilib. 500 məhbusun saxlanılması üçün nəzərdə tutulan həbsxanada elə həmin vaxtlardan məhbusların yaşam tərzi üçün heç bir şərait yaradılmayıb. Türmənin inzibati binasını çıxmaq şərti ilə, bu soyuq bölgədəki türmənin saxlama kameralarında heç bir istilik sistemi mövcud olmayıb. Sovet dövründə həbsxana islah əmək müəssisəsi kimi fəaliyyətini davam etdirib və 1930-cu ildə daha 250 nəfərin saxlanılması üçün əlavə korpus tikilib. 1934-cu ildə "NKVD"-nin tabeliyinə verilən türmədə məhz bu ərəfədən yeni daxili rejim tətbiq olunmağa başlayıb. Ümumilikdə 750 nəfərin saxlanılması üçün nəzərdə tutulan türmədə dözülməz dərəcədə məhbus sıxlığı yaşanıb. Belə ki, ayrı-ayrı dövrlərdə həbsxanada 3-4 min, bəzən isə 5 min məhbus saxlanılıb ki, bu da öz növbəsində məhbuslar arasında mübahisələrə, davalara, insidentlərə səbəb olub. Minusinsk türməsində işləməyə seçilmiş əməkdaşlar göndərilib, bu türmədə işləmək üçün əməkdaşların qəddarlığı, amansızlığı əsas şərt sayılıb. Mərkəzdən uzaq olan həbsxananın nəzarətçilərinin öz iş prinsipləri olub. İş gününün yarıdan çoxunu məhbuslara işgəncə verməyə sərf edən türmə əməkdaşları bütün vasitələrə əl ataraq türmədə saxlanılanları qorxu və xof içində saxlayıblar. Daxili rejim qaydalarını pozanlar, etiraz edənlər yerindəcə güllələnib. Bu cür məhkəməsiz "ölüm hökmləri" hər gün icra olunub. Sənədlərdə isə ölüm səbəbi xəstəlik və bədbəxt hadisə kimi qeyd olunub. Minusink türməsi ilə bağlı araşdırmaçı Yevgeni Kondratyev arxiv sənədlərində maraqlı faktlar aşkar edib. Təkcə 1938-ci ildə, bir il ərzində həbsxanada "xəstəlik" və "bədbəxt hadisə" nəticəsində 1237 nəfər ölüb. Həqiqətdə isə ölüm səbəbi başqa adla qeyd olunan bu şəxslər nəzarətçilərin qurbanları olublar. Kondratyev daha maraqlı bir fakt üzə çıxarıb. 1938-ci ildə həbsxanada 3229 nəfər saxlanılıb. Amma həbsxananın ərzaq təminatı sənədlərində mərkəzi ərzaq anbarından həbsxanaya gündəlik olaraq 750 nəfər üçün ərzaq ayrılıb. Bu ərzaq məhsullarının təxminən yarıdan çoxu isə həbsxana rəisinin təminat-təchizat üzrə müavini Kapılov tərəfindən mənisənilərək yerli əhaliyə satılıb. Sonralar Kapılov da Minusinsk türməsinin sakinlərindən birinə çevrilib, amma rəis müavini kimi yox, məhbus kimi. Minusink türməsində məhbuslarla görüş, sovqat ötürülməsi, məktub yazışmaları son dərəcə məhdud şəkildə həyata keçirilib. Ən azı cəza müddətinin son 6 ayında rejim qaydalarını pozmayanlar qismən bu güzəştlərdən istifadə edə biliblər. 1975-ci ildə Minusink türməsində 3-cü korpus inşa edilib, daha sonralar isə 2 korpus da tikilərək həbsxana böyüdülüb, ştat vahidi artırılıb. Minusink türməsi Stalinin repressiya dövrünün ən dəhşətli və qorxulu həbsxanalarından biri kimi qiymətləndirilib. Ömrünü 5 ilini bu türmədə keçirən Vladimir Sergeyenko sonralar türmə haqqında təəssüratını belə bölüşüb: "Əgər digər türmələrdə ayrıca ölüm kameraları varsa, Minusinsk türməsində hər kamera ölüm kamerası idi. Bu həbsxanada haqqını tələb etmək ən böyük cinayət kimi qəbul olunurdu. Əgər haqqını ikinci, üçüncü dəfə tələb edirdinsə, yerindəcə güllələnirdin. Türmənin nəzarətçiləri məhbuslara heyvan münasibəti göstərirdilər, istənilən saatda heç bir səbəbsiz işgəncələrə məruz qalmaq adi hal idi. Bu türmədən sağ çıxacağıma inanmırdım. İşgəncə, xəstəlik, şəraitsizlik hər dəqiqə bizi ölümlə üz-üzə qoyurdu. Həbsxanada aylarla tibb işçisi olmurdu. Ən adi xəstəlikləri müalicə etmək, ən adi ağrıları kəsmək üçün heç bir dərman preparatı tapılmırdı. Tələb edəndə isə, ağrının üstünə daha bir ağrı əlavə edirdilər. Təsəvvür edin, qışın ən soyuq dövründə nəyə isə etiraz edəndə, məhbusları soyundurub həyətdəki içi buzlu su olan iri çəlləklərə salırdılar. Məhbuslar adi armaturla deyil, qızdırılmış dəmir parçaları ilə döyülürdü. Xüsusi işgəncə kameraları mövcud idi ki, bu kameralardan məhbuslar nadir hallarda sağ çıxırdılar. Bu türmədə heç bir qanun işləmirdi. Nəzarətçilərin öz qanunları var idi, incitmək, işgəncə vermək, güllələmək, sudan, çörəkdən məhrum etmək və s. Bu prosedurlar gündəlik həyata keçirilirdi, sonda isə öz əməllərindən zövq alan nəzarətçilər "Biz dövlətin, yoldaş Stalinin, Lavrenti Beriyanın əsgərləriyik" deyərək vəhşilikləri ilə "qürur" keçirirdilər..." SSRİ süquta uğradıqdan sonra Minusinsk türməsi həm istintaq təcridxanası, həm də cəzaçəkmə müəssisəsi kimi fəaliyyətini davam etdirir. Əvvəlki illərdən fərqli olaraq, həbsxanada müasir standartlara cavab verən şərait yaradılıb, məhbusların yaşam tərzi dəyişib. Keçmiş məhbuslar, bu türmədə işgəncələrlə ölənlərin doğmaları ara-sıra türməni ziyarət edirlər, nə qədər yeniliyin, yeni şəraitin olmasına baxmayaraq, onlarrın içindən Minusinsk türməsinin xofu, dəhşətləri çəkilmir, Stalinin repressiyasına şahidlik olan Minusinsk türməsinin divarlarının boz rəngi dəyişmir... İlham Cəmiloğlu.