"Statusdan istifadə edərək karantinin pozulması yolverilməzdir” - Deputat

22 Avqust 2020 15:51 (UTC+04:00)

Bildiyimiz kimi Ramiz Mehdiyevin nəvəsinə toy etməsi və toyda ölkənin üzdə olan şəxslərinin iştirakı böyük rezonansa səbəb olub. Sevindirici haldır ki, qınaq Mili Məclisin deputatları tərəfindən də gəlir. Toydan təəssüf hissi keçirənlərin biri də ölkədə gedən bütün ictimai-siyası hadisələrə aktiv reaksiyası ilə seçilən deputat Ceyhun Məmmədovdur. Ceyhun Məmmədov baş verənlər barədə danışarkən Mövqe.az-a bildirib ki, hamıya məlum olduğu kimi, ölkəmizdə hələ də pandemiyayla bağlı karantin rejimi tətbiq olunur. Bu günlərdə yüksək rütbəli şəxslərin, məmurların toy mərasimi təşkil etməsi və bu məclisdə karantin qaydalarına riayət edilməməsi cəmiyyətdə qınaq obyektinə çevrildi. Cənab Prezident hər zaman öz çıxışlarında da söyləyir, qanun hamı üçün qanundur, qanun qarşısında hamı bərabərdir. Ceyhun Məmmədov əlavə olaraq qeyd edib ki, bu gün ölkəmizdə çoxlu sayda ailə qurmaq istəyən vətəndaşlar var: "Valideynlər övladlarının ailə qurmasını gözləyir. Bu günə kimi evində və ya hansısa qapalı məkanda əyləncə, toy, mərasim təşkil edən onlarla vətəndaş cərimələnib və şəxsi məsuliyyətə cəlb edilib. Belə bir şəraitdə statusundan istifadə edərək toy mərasiminin qeyd edilməsi yolverilməzdir və qanuna ziddir. Hər bir vətəndaş mövcud reallığı, qanunların aliliyini başa düşməlidir. Koronavirusla mübarizə bütün ölkənin, statusundan asılı olmayaraq hər kəsin məsələsidir. Amma təəssüflə qeyd etmək lazımdır ki, qeyd etdiyimiz kimi bəzi insanlar bu qaydalara əməl etmirlər. Əlbəttə ki, ilk öncə dövlət məmuru, dövləti təmsil edən şəxslər bu qaydalara riayət etməlidir. Bu məsələdə dövlət məmurları özləri nümunə olmalıdırlar. Çalışmalıdırlar ki, bu qaydalar pozulmasın. Bu hərəkətləri ilə onlar cəmiyyətdə inamsızlıq, güvənsizlik və etibarsızlıq yaradırlar. Qanunların aliliyini şübhə altına salırlar". C.Məmmədov bildirib ki, məlum şəxslərin həbs edilməsi və cərimə olunması, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi, Azərbaycanda heçkəsə xüsusi imtiyaz verilmədiyini və heç zaman da verilməyəcəyini sübüt etdi: "Koronavirusla mübarizədə hər bir vətəndaş üçün Azərbaycan Prezidentinin sərt mövqeyi bir çağırış olmalıdır. Hər bir vətəndaş bu çətin günlərdə öz dövlətinin, xalqının yanında olmalı, öz dəstəyini əsirgəməməlidir. Bu cür hallarda laqeydlik, qanunlara əməl etməmək , məsuliyyətsizlik kimi hallara yol vermək olmaz. Hər kəs bilməlidir ki, qoyulan qadağalar, məhdudiyyətlər məhz insanların sağlamlığı və onların rifahı üçün edilir".

Elnurə Abuşova