Ümumdünya Şahmat Olimpiadası: Millimiz pley-offa adlaya biləcəkmi?

23 Avqust 2020 09:22 (UTC+04:00)
Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan millisi bu gün B qrupunda son görüşlərini keçirəcək. "Report"un məlumatına görə, yığma komanda yarışın üçüncü günündə İspaniya, Norveç və Fransa ilə qarşılaşacaq. Startda Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə qazanan milli ikinci gündə qeyri-sabit çıxışı ilə yadda qalıb. Ukrayna, və Qazaxıstana uduzan Azərbaycan yığması yalnız Slovakiyadan üstün olub. B qrupunda Macarıstan 10 xalla liderdir. Ukrayna, Qazaxıstan və İspaniyanın 9 xalı var. Azərbaycan millisi 8, Slovakiya 6, Niderland isə 5 xala malikdir. Norveç və Fransanın 2 xalı varsa, CAR-ın xalı yoxdur. Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.