Dövlət Təhlükəsizlik Xidmətinin bir qrup veteranı müraciət yayıb

24 Avqust 2020 16:37 (UTC+04:00)

 

Bir neçə gün əvvəl internet televiziyalarının birində Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Nəzakət Məmmədovanın cəfəng, böhtan və qərəzdən ibarət olan iddiaları yayımlandı. Həmin iddiaların müəllifi kimdir?

Trend-in məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin bir qrup veteranının müraciətindi bildirilir.

Müraciətdə deyilir: "Bildiyimizə görə, Nəzakət Məmmədova 2006-cı ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətə başlayıb. Xidmət etdiyi struktur bölmələrin heç birində iki ildən artıq duruş gətirə bilməyib, həmkarları ilə münasibətlərində daim münaqişəli vəziyyət yaradıb. İş yoldaşlarına qarşı özünün üstün statusa malik olması barədə əsassız iddialar irəli sürməsi, ailə-məişət zəminində də gərginlik yaratması ilə yadda qalıb. Rəhbər işçilər tərəfindən onunla söhbətlər aparılaraq, münasibətləri yaxşılaşdırması yönündə tövsiyələr verilsə də, N.Məmmədova bunlardan nəticə çıxarmayıb, əvvəlki əməllərini davam etdirib. Qeyri-adekvat davranışı ilə iş yoldaşı olan keçmiş ərinə də mütəmadi olaraq gərginlik yaşadıb. N.Məmmədovanın təşəbbüsü ilə polis, prokurorluq və məhkəmə araşdırmaları ilə müşayiət olunan ailə münaqişələri qısa müddətdən sonra ailəsinin dağılması ilə nəticələnib. Boşandıqdan sonra da keçmiş həyat yoldaşından əlavə vəsait və əmlak əldə etmək üçün gah dəfələrlə onu yaşadığı ərazidə izləyib, gah da xidmət yerinə gələrək şantaj və təhdid edib. İlk fürsətdə isə provokasiyalara əl ataraq sabiq ərinin şəxsi və işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatlar yaymağa çalışıb. Bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı bu gün də DTX-də fəaliyyət göstərir. Məhkəmə çəkişmələri hələ də davam edir.

Keçmiş MTN dövründə onun nazı ilə oynayan havadarlarına arxalanaraq "meydan sulayan" N.Məmmədova Dövlət Təhlükəsizliyi Xidməti yarandıqdan sonra yenə də istədiyini etməyə çalışıb, lakin buna müvəffəq ola bilməyib. Etik davranış qaydalarını pozduğuna görə ona sərt intizam cəzası verilib. Özü ehtiyata buraxılması üçün müraciət edib və DTX-nin sabiq rəhbərliyi onun bu müraciətini təmin edib. Heç kim onu qanunsuz işdən çıxarmayıb.

N.Məmmədovanın həmkarları yaxşı bilirlər ki, onun tərcümeyi-halı, xidmətdə və məişətdə davranışı sabiq DTX əməkdaşı kimi çıxış etməyə və bu orqanın fəaliyyətindən xəbərdar olan şəxs kimi özünü təqdim etməyə ona heç bir haqq vermir. Bu cür qeyri-sağlam keçmişə malik olan şəxsin həqiqətdən uzaq, sərsəm və cəfəng çərənləmələri çoxsaylı xüsusi xidmət orqanı veteranlarının fikrini qətiyyən ifadə etmir.

Xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətləri və iş metodları ilə az-çox tanış olan hər bir kəs yaxşı bilir ki, bu qurumlarda əsas prinsip məxfilikdir. Ölkə rəhbərliyinin "görən gözü", "eşidən qulağı" və vaxtı çatdıqda "vuran əli" olan DTX-nin də bu prinsipə əsaslanaraq fəaliyyət göstərməsi, təkcə son bir ildə keçirilən müvafiq əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirlərinin nəticəsində dövlətinə xəyanət edən və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxslərin aşkarlanması, terrorçuların zərərsizləşdirilməsi, respublika daxilində dağıdıcı və pozucu ünsürlərin, onların havadarlarının üzə çıxarılmasında əldə etdiyi nəticələr danılmazdır. Bunun üçün DTX-nin ictimaiyyət üçün verdiyi açıqlamaları izləmək kifayət qədər yetərlidir. Həm də məlumdur ki, müəyyən səbəblərə görə heç də görülən bütün işlər barədə məlumatlar mətbuata ötürülmür. Yeri gəlmişkən, N.Məmmədova sadalanan sahələr üzrə ixtisaslaşmış struktur bölmələrin heç birində xidmət etməyib, yalnız köməkçi funksiyaları yerinə yetirib. Onun bilik və təcrübəsi, keçdiyi xidmət yolu təhlükəsizlik eksperti qismində çıxış etməyə qətiyyən imkan vermir. Tam məsuliyyətlə bildiririk ki, hansısa xarici dilləri bilmək və ali məktəbi bitirmək təhlükəsizlik orqanında işləmək və uğurlu karyera qurmaq üçün əsas şərt sayılmır. N.Məmmədova kimi bəzi yalançı vətənpərvərlərin populist çıxışları ucuz reytinq qazanmaqdan başqa bir şey deyildir.

Biz, xüsusi xidmət orqanları veteranları olaraq söz və ifadə azadlığına hörmətlə yanaşırıq. Bununla belə, kütləvi informasiya vasitələrində ölkənin güc strukturları barəsində səsləndirilən peşəkarlıqdan və həqiqətdən uzaq fikirlərə, qərəzli və şəxsi prizmadan irəli gələn münasibətin tirajlanmasına kəskin etirazımızı bildiririk. Bu gün, mənfur qonşularımızın hərtərəfli-həm hərbi qarşıdurmada, həm informasiya mübarizəsində fəallaşdığı bir dönəmdə bu cür yanaşmaların mövcud olması Azərbaycan dövlətçiliyinə heç bir xeyir gətirmir.

Biz hər bir Azərbaycan vətəndaşını ayıq olmağa, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ordumuza, digər güc strukturlarına inamın ətrafında möhkəm birləşməyə çağırırıq".