Rusiya Azərbaycana minnətçi düşür

25 Avqust 2020 08:19 (UTC+04:00)


Rusiyanın müdafiə naziri  Sergey Şoyqu Bakıya gəlir.  Səfərdə məqsədin Xəzər dənizinin Azərbaycana aid hissəsində keçiriləcək "Hərbi Ordu Oyunları -2020" yarışlarının açılışında iştirak etmək olduğu bildirilir.  Qeyd edək ki,  ölkəmizdə  olacaq həmin yarışlar çərçivəsində Rusiya və Azərbaycan hərbi dəniz qüvvələrinin yarışacaqlar.  Amma aydın məsələdir ki, Rusiyanın yüksək rütbəli hərbçisinin ölkəmizə səfəri tək bununla bağlı deyil. Belə ki, səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi də bildirilir.   
Ümumiyyətlə, iyul ayının ortalarında Ermənistanın təxribatı ilə bağlanan Tovuz döyüşlərindən sonra  Azərbaycana Türkiyə ilə Rusiyanın marağının daha da artdığı hiss olunur. Bir müddət əvvəl  Bakı ilə Ankara Azərbaycanda birgə hərbi təlimlər keçirdilər. Ardınca Türkiyənin Milli Müdafiə naziri başda olmaqla yüksək çinli zabitlər Bakıda rəsmi səfərdə oldular.  Azərbaycanın Xarici İşlər və Müdafiə nazirləri Ankarada oldular.  Ondan bir qədər keçəndən sonra hərbi oyunlarda iştirak etmək üçün Rusiyanın Hərbi-Dəniz aqüvvələri Bakı buxtasına yan aldılar.  Ardınca da S. Şoyqu Bakıya gəlir. Görəsən, onun  bu səfərinin səbəbi nədir və Rusiyanın Ermənistana 400 ton silah çatdırması fonunda səfər hansı məqsəd daşıya bilər?
Politoloq Natiq Miri öncə qeyd etdi ki, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərindən sonra yüksək çinli Rusiya rəsmilərindən birinin ölkəmkizə səfər edəcəyi gözlənilən idi: "Bilirsiniz ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin planlaşdırılmasından öncə, Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirdi. Sonda da Türk ordusunun bütün hərbi rəhbərliyi, bütün komandanlıq heyəti Azərbaycana səfər etdi və bu fonda Prezident İlham Əliyevlə də görüşdülər. Düşünürəm ki, bu fonda ciddi məsələlər müzakirə predmeti olub. Hətta strateji müttəfiqlik məsələlərinin müzakirə edildiyi barədə informasiyalar var.  Əlbəttə ki, bu amil Rusiyanın marağına xidmət edən məsələ deyil.  Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra,  Moskva İrəvanla birgə hərbi təlimlər də keçirdi. Bu da bilavasitə Azərbaycanın təhlükəsizliyini təhdid edən hadisə idi. Ona görə də ona adekvat cavab verildi və Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirdi. 
Eyni zamanda, Azərbaycanla Rusiya hərbi rəhbərliyi arasında da müəyyən  telefon danışıqları oldu.   Həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir  Putin arasında telefon danışığı da oldu. Nəticədə Ermənistana verilən 400 ton hərbi yükün heç cür uyğun olmadığı ayrıca olaraq Minsk qrupunda həmsədr olaraq vasitəçilik edən Rusiyanın diqqətinə çatdırıldı.  Yəni bildirildi ki, işğaçı ölkəyə belə silahların satılması vasitəçilik missiyasına uyğun olmayan davranışdır".
Politoloqun fikrincə, Rusiya ilə bir sıra məqamlar müzakirə olunsa da, hələ də bir çox məsələlər var ki, açıq qalır, həll olunmayıb: "Bəzi suallar var ki, onlara cavab tapılmalıdır. Ən nəhayət,  Rusiyanın Azərbaycana əlavə yeni silahların satılması istəyi də ortada ola bilər.  Rusiyanın bilirik ki, bölgədə geosiyasi məqsədləri var. Şoyqunun gəlməsinin Rusiya donanmasına məxsus gəmilərin Azərbaycan buxtasına gəlməsi hadisəsindən dərhal sonra baş verməsi də müəyyən mənada mesaj xarakteri daşıya bilər.  Düşünürəm ki, bu heç də uyğun davranış deyil.  Bilirsiniz ki, bu gəmilərin Bakı buxtasında olması xalq arasında ciddi etirazla qarşılandı. Türkiyə ordusunun ölkəmizə xilaskar missiyasında gəlişindən sonra,  işğalçı rus ordusunun bu səviyyədə gəlişi heç də uyğun davranış ola bilməz. 
Proses ondan xəbər verir ki, Şoyqunun gəlişi fonunda ciddi məsələlər müzakirə olunacaq.  Yəqin ki, Şoyqu Azərbaycan Prezidenti tərəfindən də qəbul olunacaq və burada rus hərbi rəhbərliyinə bəzi mesajlar da veriləcək.  Azərbaycan Rusiyanın geosiyasi və hərbi maraqları çərçivəsində olan bir ölkədir və Moskva heç zaman ölkəmizdən vaz keçməyəcək. Verilən mesaj budur.  Eyni zamanda, Dağlıq Qarabağ probleminin bundan sonra hansı yollarla həll olunub olunmaması məsələsi, Rusiyanın Azərbaycana yenidən bəzi silahların satışı məsələsi müzakirə olunacaq".
Rüfət NADİROĞLU