İcra başçılarına mühüm xəbərdarlıq

26 Avqust 2020 11:48 (UTC+04:00)

 

Azərbaycanda daha iki rayonun rəhbərliyi yeni kadrlara tapşırılıb. Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Bu formatda görüşlər müasir çağırışlara uyğun olaraq artıq yeni protokol qaydasına çevrilib və kadr təyinatının aşkarlıq ruhunda həyata keçirilməsini təmin edir. Bu işdə başlıca məsələlərdən biri pərdə arxasında kimilərinsə qohumunun, yerlisinin yaxud dəstəsinin üzvlərinin vəzifəyə gətirilməsi, aşkar surətdə bacarıqlı və qabiliyyətli vətəndaşların xalqa xidmətə cəlb edilməsidir. Bu cür aşkarlıq ortaya ciddi məsuliyyət qoyur. Xalq bilir ki, dövlət başçısı yerlərdəki nümayəndələrinə hansı tapşırıqları verib. Əhali də icra hakimiyyəti başçılarına münasibətdə həmin tapşırıqların ruhunu əsas götürürlər. Tapşırıqlar isə bir istiqamətdədir: xalqa xidmət, qanunlara hörmət, vətəndaşlara qayğı, vətənə və dövlətə sədaqət, inkişafa yönəlmiş fəaliyyət.
Videoqəbulda çıxış edən Prezident İlham Əliyev ölkədə idarəetmənin əsas meyarlarını İH başçıları qarşısında şərt kimi irəli sürüb: “Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.
Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.
Bu cür vəzifələr məmur-vətəndaş münasibətlərində səmimiyyəti ehtiva edir və milli birlik üçün güclü zəmindir. Çünki vətəndaş özünü dövlətin sahibi olduğunu hiss edir və məmura bürokrat, rüşvətxor kimi yox, səmimi dost, millətin nümayəndəsi kimi yanaşır. Bunlar olduqca mühümdür. Millətin millət kimi formalaşmasında, möhkəmlənməsində, ümummilli mənafelər uğrunda birgə mübarizədə həlledici rol oynayırlar. Dövlətimizin inkişafında son 17 ilin göstəriciləri Azərbaycanın tarixində yüksəliş və milli birlik ideyalarının nə qədər gücləndiyini sübut edir.

Diqqət etsək görərik ki, bu dövrdə sadə insanlar tərəfindən cəmiyyətin ayrı-ayrı qollarına nəzarət və tənqidi qeydlər də artıb. Bunlar tamamilə normaldır. Çünki dünənə qədər cəmiyyətdə tüğyan edən “Əşşi, bura Azərbaycandır” kimi istehzalı ifadələr vətəndaşlarımızın lüğət tərkibindən çıxmaqdadır. İnsanlar anlayırlar ki, daha zaman dəyişib və nöqsanları düzəltmək üçün münbit şərait var. Buna görə də mənfi hallara laqeydlik də aradan qalxır. Ölkə rəhbərinə birbaşa çıxış əldə edən əhali həyata daha çevik və ümidli reaksiya göstərirlər. Onları buna gözləri qarşısında baş verən müsbət meyillər ruhlandırır.
Dövlət başçısı hər dəfə mənurlarla görüşəndə onlarla, başqa sözlə, xalqla görülən işlər barədə danışır, uğurları göstərir və eyni zamanda buraxılan nöqsanlardan bəhs edir. Vəzifəyə yeni təyin olunan kadrlara təlqin edir ki, əldə olunanları saxlamaq azdır, bunları inkişaf etdirmək, gələcəyə baxmaq lazımdır.     
“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır” deyən Prezident İlham Əliyev kadr islahatı prosesində özünün yerlərdəki nümayəndələrinə tövsiyələr, tapşırıqlar  verməklə yanaşı həm də insanlıq dərsi keçir.
Bu gün ölkəmizdə yaşananlar hamımıza məlumdur. Aydın görünür və həyatda hiss olunur ki, əhali ölkənin iqtisadi və siyasi həyatına gündən-günə daha çox nüfuz edir. Bunun iki əsas səbəbi var: birincisi, zaman bunu tələb edir, ikincisi, vətəndaşlarımız buna hazırdırlar. Daxili siyasətimizin əsas konturları da budur. Bu istiqamət də öz növbəsində biznesin inkişafını ehtiva edir. Buna görədir ki, dövlət başçısı təkidlə deyir: “Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz”.
Düzdür, koronavirus pandemiyasına görə bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadi geriləmə baş verib. Lakin bizdə bu, o qədər də böyük təsirə malik deyil. İqtisadi dirçəlişi bərpa etmək üçün yalnız səmərəli fəaliyyət göstərmək lazımdır. Bunun üçün iqtisadi təməl, siyasi iradə var, yerdə qalan qabiliyyət və əməksevərliyə bağlıdır. Yeni kadrlardan tələb olunan da budur.
N.NOVRUZ