Ermənistan inqilab adı ilə yeni çevrilişə doğru gedir

26 Avqust 2020 12:01 (UTC+04:00)

 

Nə qədər ki, Ermənistan hakimiyyəti və həmin hakimiyyətin başında duranlar əslində heç bir hüquqları olmadığını anlamayacaqlar, bu ölkə təcavüzkarlıq siyasətindən əl çəkməyəcək. Çünki təcrübəsizlik və cinayətkar ovqat ermənilərin gözlərini bağlayıb. Onlar çıxış yolunu görə bilmirlər və düşünürlər ki, ara qarışdırmaqla fikirləri yayındıra bilərlər. Üç onilliyə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal ediblər, amma bu müddət ərzində erməni siyasətçilər anlaya bilməyiblər ki, bu işğal onların bədbəxtçilikdən çıxmaq yolunu bağlayıb.
Baş nazir Nikol Paşinyanın rəhbərliyi əvvəlki rəhbərliyin metodu ilə işləyir. Sarqsyan Qarabağ klanı üçün necə işləyirdisə, Paşinyan da İrəvan klanı üçün eyni səpkidə siyasət aparır. Sadəcə, bir fərqli cəhət var ki, bu da Rusiya ilə münasibətlərin son dərəcə pisləşməsidir. Sorosçu Paşinyan Qərbin ümidlərini doğrultmayıb, Rusiyanın dəstəyini isə itirib. Demək, bu situasiya ermıni siyasi aləminə yalnız və yalnız dəyişiklik vəd edir. Bu isə hakimiyyətin yenisi ilə əvəz edilməsidir.
Adətən iri dövlətlər özlərinin geosiyasi vəziyyətlərini formalaşdırmaq üçün müharibələr törədir, düşmənlərini zəiflədir və “bulanıq suda balıq tutmağa” çalışırlar. İndi Paşinyan da kəmsavadlıqdan bu yolu vəziyyətdən çıxmaq üçün məqbul sayır və işğal zonasında yeni təxribatlar törətmək hesabına özünə alibi qazanmaq istəyir. Ancaq hər dəfə də uğursuzluğa düçar olur, burnu əzilir, ancaq səmərəli yolu tapmağı bacarmır. Ermənistanın baş naziri tələdədir.

Rəqibləri onun qapalı dairədə necə vurnuxduğunu müşayiət edir və əlverişli məqamın yetişəcəyi anı gözləyirlər. Bu, rəqiblərin mövqeyidir. Lakin onlardan birtəhər yaxasını qurtara bilər. Özünə düşmən saydığı Azərbaycandan isə heç vaxt qurtula bilməyəcək. Halbuki Paşinyanın xilas yolu məhz, Azərbaycanın əlindədir.
Ermənilər də daxil olmaqla bütün siyasi ekspertlər və hərbi strateqlər Azərbaycan Ordusunun hər an düşmən üzərinə hücuma keçməyə hazır olduğu və torpaqlarını azad edəcəyi barədə danışırlar.

Paşinyanın əlində daxildəki qüvvələrin qarşısını kəsib hakimiyyətdən salınacağını əngəlləmək perspektivi yoxdur. Amma işğal edilmiş torpaqlardan öz qınına çəkilməklə Azərbaycanla nəinki sülh bağlaya, hətta onun yardımını əldə edə bilər. Bu, siyasətdir və çıxılmaz vəziyyətdə qalan siyasətçi üçün işıqlı gələcəkdir. Üstəlik, Paşinyan və onun hökuməti heç nə itirmir, əksinə qazanır. Çünki Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çəkilmələri haqda tutarlı beynəlxalq sənədlər mövcuddur. Bunları yerinə yetirməklə Ermənistan hakimiyyəti beynəlxalq mövqeyini möhkəmlədə və özünə yeni etibar şəbəkəsi yarada bilər. Həm də öz beynəlxalq səviyyədə təsbit olunmuş ərazisi daxilində hakimiyyətini möhkəmlədər. Digər tərəfdən Azərbaycanla sülh bağlasyəb, digər ölkələrin kommunikasıya şəbəkələrinə, ticarət yollarına çıxış əldə edər. Bundan başqa karbohidrogen ehtiyatlarının nəqli sahəsində Azərbaycanla əməkdaşlıq hüququ qazanar. Bu, Paşinyan üçün “Nicat yolu”dur. Təbii ki, o, bunu dərk edə bilsə.  
Rusiyalı siyasi şərhçi, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistan baş nazirinin hazırkı durumunu dəqiq təsvir edib:  “Mən ölkəni bu qədər narahat vəziyyətə salan Nikol Paşinyana səmimi şəkildə acıyıram. Yəni elə bir vəziyyət ki, əgər o, Qərb tərəfdaşlarının istədiklərini verməsə, bu, onlar tərəfindən təcrid olunmağa səbəb olacaq, əsrlik müttəfiqə - Rusiyaya arxa çevirərsə isə, öz dövlətini itirəcək”.
Başqa bir rusiyalı politoloq Qriqori Trofimçukun fikrincə isə, Ermənistan baş naziri Kremlə qarşı sona qədər getməkdən çəkinir. Bu barədə o, Ermənistandakı Qərbə reverans niyyəti güdən anti-Rusiya ovqatını şərh edərkən deyib. “Ancaq müttəfiq münasibətləri elə ondan ötrüdür ki, müharibə olmasın. İrəvanı isə hələ heç kim zəbt etməyib (Türkiyə və Azərbaycan nəzərdə tutulur - red.). Ancaq əgər belə bir müttəfiq (Rusiya - red.) olmazsa, bax onda Ermənistan, yəqin ki, bölgədəki mövqeyinin yeni bir formatını görəcək”, - deyə Trofimçuk faktiki surətdə işğalçı ölkə və onun rəhbərliyini hədələyib.
Tovuz təxribatından sonra regionda vəziyyətin yeni düzənə keçməsi də yeni təxribatların baş verəcəyi təqdirdə ciddi müdaxilələrin olacağını təlqin edir. Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri Denis Korkodinovun sözlərinə görə, İrəvanın yenidən hərbi təxribata əl atmağa cəhd edəcəyi təqdirdə Azərbaycan Türkiyə ilə birgə Ermənistanın strateji hədəflərinə zərbə vurma variantını ciddi şəkildə nəzərdən keçirir: “Ermənistanın təhlükəsizliyi üçün məsuliyyət hiss edən Moskvanın bu cür zərbənin əleyhinə olmasına baxmayaraq, regional miqyasda Ankara və Bakının rolu xeyli artıb. Bu səbəbdən əgər İrəvan bir daha sərhəddə təxribat törətsə, o halda Ermənistan ərazisinə zərbə endirilən zaman, çox güman ki, artıq Rusiya rəhbərliyinin razılığı alınmayacaq. Beləliklə, Bakı və Ankara bir daha Tovuz bölgəsində münaqişənin kəskinləşməsindən narahatlıq keçirsələr, heç bir şey onlara zərbə endirməyə mane ola bilməz. Üstəlik, belə zərbələrin hədəfləri çoxdan müəyyənləşdirilib”.
Rusiyada yaşayan və işləyən erməni əsilli ər-arvad Tiqran Keosyan və Marqartita Simonyan cütlüyünün “Paşinyangeyt” əməliyyatı da bir tərəfdən Ermənistan baş nazirini sıxır. Ermənistan hakimiyyəti ətrafında siyasi və iqtisadi böhran açıq görünür. Ölkənin düçdüyü böhran tunelinin sonundakı işıqlı və qaranlıq istiqamətlər də aydın görünür. Hökumətin taleyi bu istiqamətlərin hansını seçəcəyindən asılıdır.
N.NOVRUZ