Kreml Qarabağ münaqişəsinin həllində əsas əngələ çevrilir

26 Avqust 2020 13:07 (UTC+04:00)


Rusiya yenidən Ermənistana silah göndərir, Ermənistan ordusunda Su-25 qırıcılarını modernləşdirməyə hazırlaşır.  Qeyd edək ki, bir müddət öncə  Rusiya Qazaxıstan, Türkmənistan və İran ərazisindən istifadə etməklə Ermənistana 400 tonluq hərbi yük də göndərmişdi.  Halbuki, münaqişənin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədrlərindən biri olaraq Rusiya  bu prosesdə neytral mövqe tutmalıdır.  Ancaq əksinə, görünən odur ki,  Kreml Ermənistanın hərbi arsenalını daha da artırmaq yolunu tutub.
Politoloq Məhəmməd Əsədullazadə fikrincə, Rusiya hesab edir ki, Ermənistanın silahlanmasını gücləndirmək, Dağlıq Qarabağ ətrafında mövcud status-kvonu qoruyub saxlamaqla  özünün geosiyasi maraqlarını təmin edəcək: “Rusiya Cənubi Qafqaza həmişə özünün arxa bağçası kimi baxıb.  Şimal ölkəsi hesab edir ki, Ermənistanın silahlanmasını gücləndirmək, Dağlıq Qarabağ ətrafında mövcud status-kvonu qoruyub saxlamaqla  özünün geosiyasi maraqlarını təmin edir.  Ermənistanın Tovuz təxribatının arxasında Rusiyanın dayanması da hər kəsə məlumdur.  Bu böhran fonunda Rusiyadan Ermənistana tonlarla silah daşındı. İndi də həmin silahların daşınması prosesi davam edir. Moskva düşmən ordusunda Su-25 qırıcılarını modernləşirməyi düşünür.
Türkiyənin regionda fəallığının artması, Azərbaycanla keçirdikləri birgə hərbi təlimlər də görünür Moskvanı ciddi narahat edib.  Azərbaycan tərəfi Türkiyə ilə hərbi-texniki əməkdaşlığa  gedəcək və bundan sonra hərbi arsenalını əsasən məhz qardaş ölkədən alacağı silah və hərbi-texnika ilə təchiz edəcək.  Bunun özü də Kremli müəyyən dərəcədə qıcıqlandırıb.  Hesab edirəm ki, Rusiya indiki mərhələdə Ermənistanda  Su-25 qırıcılarını müəyyən dərəcədə modernləşdirməyə gedə bilər. Amma  indiki ağır iqtisadi vəziyyət fonunda bu sayaq modernləşmiş təyyarələrin ucuz qiymətə Ermənistana veriləcəyini istisna edirəm. Çünki, masir 5-ci nəsil təyyarələri çox baha başa gəlir.  Ona görə də Moskvanın onları Ermənistana peşkəs etməsi reallığa uyğun deyil.  Sadəcə görüntü xarakteri üçün Rusiya Ermənistandakı hərbi bazasına  bu tip təyyarələri göndərməklə   guya onları İrəvana satdığını nümayiş etdirə bilər.  Hesab edirəm ki, indiki halda Rusiya-Ermənistan əlaqələri Dağlıq Qarabağ münaqişəsi ətrafında hər hansı bir substansiv danışıqların aparılmamasına köklənib. Rusiyadakı hərbi elita Moskva-İrəvan əlaqələrinə güclü dəstək verir.  Ona görə də rəsmi Kreml Qarabağ münaqişəsi ətrafında müəyyən çəpər yaradaraq, ümumilikdə prosesin qarşısını sabotajla almağa çalışır. Şimal ölkəsi düşünür ki, Bakıya təzyiq etməklə Azərbaycanı Moskvaya daha da yaxınlaşdıracaqlar”.
Politoloq düşünür ki, Rusiya bölgədə Ermənistanı silahlandırmaq və bu fonda Azərbaycana təzyiq etməklə öz geosiyasi maraqlarına zərbə vuracaq: “Rusiyanın hərbi elitası regionda destruktiv siyasət aparır. Bu fonda Azərbaycan Türkiyə ilə birgə hərbi siyasi məsələlərdə kordinasiya şəklində hərəkət etməli və şimaldan əsən küləyin qarşısını almalıdır. Rusiyadan Dağlıq Qarabağ məsələsində hər hansı bir pozitiv nəticə gözləməməliyik. Rusiya hərbi elitası daima münaqişə ətrafında pozitiv məqamların yaranmasının qarşısını alır. Ona görə də Dağlıq Qarabağ ətrafında danışıqlar dalana dirənib. Moskva heç zaman işğal edilmiş ərazilərin Azərbaycanın yuridiksiyasına qayıtmasına imkan verməyəcək.  Bir sözlə, Kreml yenidən Dağlıq Qarabağ məsələsinin həllində böyük maneəyə çevrilib.  Rusiya bu ərəfədə Ermənistana böyük miqdarda hərbi sursat göndərməklə münaqişənin həlli prosesində böyük bir maneə olduğunu bir daha ortaya qoydu”.
Rüfət NADİROĞLU