Ceyhun Bayramov: "Azərbaycan Rusiya münasibətləri sürətlə inkişaf edir"

26 Avqust 2020 14:42 (UTC+04:00)

“Moskvaya rəsmi səfərə dəvət olunduğum üçün təşəkkür edirəm”.

Mövqe.az-ın məlumatına görə, “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

“Ölkələrimiz arasındakı gündəmdə olan bütün məsələlərə dair maraqlı və faydalı müzakirələr aparılacağını gözləyirəm. Hazırda iki ölkə arasında 200-dən çox saziş qüvvədədir və uğurla yerinə yetirilir, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Hazırlanan daha 50-dək saziş layihəsi bir sıra sahəni əhatə edir. Bununla bağlı əlaqələndirmə mərkəzləri olaraq Xarici İşlər nazirliklərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirələrin həmin dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm”, – nazir deyib.

Xatırladaq ki, Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya bu vəzifədə ilk dəfə rəsmi səfərə gedib.