Nəsimi rayonunda gənclər və yeniyetmələr arasında keçirilən onlayn müsabiqəyə yekun vuruldu

26 Avqust 2020 15:15 (UTC+04:00)
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən avqust ayında ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili məqsədilə onlayn rəsm, mahnı, rəqs və şer müsabiqəsi elan edilmişdir. 3 mərhələdən ibarət müsabiqə 9-15 yaş qrupu üzrə təşkil olunmuşdur. Hər iştirakçı müsabiqəyə bir nömrə və ya iş ilə qatılmışdır. Təqdim olunan nömrələr və ya işlər dəqiqləşdirildikdən sonra qəbul olunmuşdur. Müsabiqədə iştirakçıların öz duyğu və düşüncələri ilə işlənmiş və təqdim olunmuş orijinal ideyası, ustalığı ilə seçilən nömrələrə, əsərlərə üstünlük verilmişdir. Çəkilən əsərlərə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdən biri olmuşdur. " Evdə yarat " adlı rəsm müsabiqəsinə rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamlar tərəfindən COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin və Azərbaycan polisinin göstərdiyi fədakarlıq nümunələri, Azərbaycan əsgərinin qəhrəmanlığı, vətən, torpaq sevgisinə həsr olunmuş rəsmlər təqdim olunmuşdur. Bu müsabiqədə milli həmrəyliyin, milli birliyin və doğma Vətənə məhəbbətin nə qədər güclü olduğunu çəkilən rəsmlərdən görmək mümkündür. Bütün bunlar deməyə əsas verir ki, bizim gələcəyimiz həm sağlam, həm xoşbəxt, həm də etibarlı əllərdədir. "Mənim dilim milli varlığımdır" şer müsabiqəsinin məqsədi Azərbaycan dilinin tarixi barədə gənclərin bildiklərini pandemiya dövründə bir daha təkmilləşdirmək, onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı gəncləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. "Mənim dilim milli varlığımdır" şer müsabiqəsinin qalibləri 5 ballıq sistem üzrə qiymətləndirilmişdir. . Onlayn rejimdə işləyən münsiflər heyətinin ünvanına 29 mahnı göndərilib. Mahnılar müxtəlif yaradıcılıq üslubunda olsa da, onların hamısında vətənpərvərlik və qələbəyə inam ruhu öz əksini tapmışdır. İştirakçılar öz ifalarını canlı və ya minusovka şəklində videoçəkiliş etməklə təqdim etmişlər. Vətənpərvərlik mahnılarının onlayn müsabiqəsi başa çataraq, qaliblər elan olunmuşdur. Onlayn keçirilən rəqs müsabiqəsinə 30-dan artıq müraciət təqdim olunmuşdur. Burada əsas məqsəd gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcı potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumiyyətlə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etmək idi. Tədbirin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən fərdi qaydada diplom və hədiyyələrlə mükafatlandırıldılar.