Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi məcburi köçkünlərin sahibkarıq fəaliyyətini dəstəkləyəcək

26 Avqust 2020 16:44 (UTC+04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin sifarişi ilə “Finance and Social Innovation Consulting” MMC subpodratçı olaraq hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin hədəf ərazilərində yaşayan məcburi köçkünlər arasında biznesə başlamaq və digər gəlir gətirən fəaliyyətləri reallaşdırmağın zəruriliyini müəyyənləşdirmək məqsədilə ehtiyac qiymətləndirməsi aparır. Həmçinin biznes fəaliyyətlərini və benefisiarlar üçün biznes məsləhətləşmələrini formalaşdırmaq məqsədilə bazar təhlili və dəyər zənciri də təhlil olunur.

BMqT-ın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə 750-dən çox respondenti – hədəf bölgələrdə yaşayan və biznesə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən məcburi köçkünü əhatə edən müvafiq sorğu və müsahibələr keçirilib. Bütün respondentlər bacarıq və biliklərinə uyğun sahədə və tələbat hiss edilən biznes fəaliyyətlərinə başlamağa və ya belə fəaliyyətləri genişləndirməyə dərin maraqlarının olduğunu bildiriblər.

Bütün zəruri tədqiqat və sorğu məlumatları təhlil edildikdən sonra BMqT-nin təyin olunacaq iki regionda təşkil edəcəyi biznes təlimlərinə qatılmaq üçün sorğuda iştirak edən 50 namizəd seçiləcək. Təlimləri uğurla başa vuran və biznes planları bəyənilən 20 nəfər sahibkarlıq fəaliyyətinə başlamaq üçün BMqT tərəfindən maliyyə dəstəyi alacaq.

BMqT-nin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi həmin layihəsi çərçivəsində Azərbaycanın yeddi hədəf bölgəsində - Füzuli, Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Gəncə və Göygöldə məcburi köçkünlər üçün gəlir gətirən fəaliyyətlərə başlamaları və davam etdirmələri üçün əlverişli mühit yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dörd illik layihə məcburi köçkünlərin də sıx məskunlaşdıqları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.