Niderlanddan olan gənc yazıçı Buker mükafatının qalibi seçilib

27 Avqust 2020 18:31 (UTC+04:00)

Londonda Beynəlxalq Buker mükafatının qalibi seçilib. Bu, Niderlanddan olan 29 yaşlı yazıçı Marika Lukas Reynevelddir. “Axşam narahatçılığı” romanı ona bu nüfuzlu ədəbiyyat mükafatının ən gənc qalibi adını qazandırıb.

AZƏRTAC “rg.ru” saytına istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bu il mərasim onlayn keçirilib. Buna görə də mükafatın münsiflər heyətinin sədri Ted Hockinson qalibin adını birbaşa efirdə elan edib. “Axşam narahatçılığı” – mömin fermer ailəsinin üzərinə bədbəxtliyin necə gəlməsi, əsərin baş qəhrəmanının qardaşının itməsi barədə romandır.

Marika Lukas Reyneveldin Niderlandda bestsellerə çevrilən debüt romanı bütün detalları tam təfsilatı ilə göstərir. Bu əsərin dili tam fərqlidir, Mişel Hatçisonun valehedici tərcüməsi isə onu bütün bakirə, coşğun gözəlliyi ilə oxucuya çatdırır”, - deyə mükafatın saytında bildirilir. Mükafatın qısa siyahısında Reyneveldlə yanaşı, daha beş ölkədən – Argentina, Almaniya, İran, Meksika və Yaponiyadan olan müəlliflər nəzərdən keçirilib.

Qeyd edək ki, Beynəlxalq Buker mükafatı 2004-cü ildə təsis edilib və 2016-cı ilədək iki ildən bir təqdim edilib. İndi bu mükafat hər il təqdim olunur. Mükafatın pul ekvivalenti 65 min dollar təşkil edir. Ənənəvi olaraq bu məbləğ müəllif və tərcüməçi arasında bölüşdürülür.