DİN Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verdi

28 Avqust 2020 12:30 (UTC+04:00)

 

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin açıqlamasında bildirilib ki, qeyd olunan faktla bağlı bu il mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək qızının qaçırılması barədə ərizə ilə müraciət edib:

“Müraciətlə əlaqədar olaraq Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı qızın 2 dəfə evlənib-boşanmış şəxs tərəfindən qaçırıldığı barədə məlumat yayılıb. Bildirilib ki, ailəsi qızın evə qayıtmasını istəyir, lakin onunla danışmağa belə imkan verilmir.