Prezident İlham Əliyev Sooronbay Jeenbekova təbrik məktubu göndərib

29 Avqust 2020 15:16 (UTC+04:00)
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib. Mövqe.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Qırğızıstan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amanlıq və rifah diləyirəm".