Xalça muzeyi yolunuzu gözləyir

31 Avqust 2020 16:49 (UTC+04:00)
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər, həmçinin əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına əməl etməsi nəticəsində yoluxma hallarının azalmasına nail olunub, sanitar-epidemioloji vəziyyət stabilləşib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb, yumşalmalar təmin edilib, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub. Azərbaycan Milli Xalça Muzeyi də öz fəaliyyətini 2 sentyabr 2020-ci il tarixindən bərpa edir. Muzey həftə içi çərşənbə axşamı – cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq. Beləliklə, asudə vaxtınızı maraqlı və səmərəli keçirmək istəyirsinizsə, 2 sentyabr tarixindən etibarən sizi Azərbaycan Milli Xalça Muzeyində gözləyirik!