Rusiyanın uydurmaları daha Bakıda keçmir

3 Sentyabr 2020 08:45 (UTC+04:00)

 

Tovuz təxribatından sonra regionda baş verənlər sübut edir ki, həmin təxribat sadəcə insident deyil və planlaşdırılmış ümumi planın başlanğıcıdır. Belə ki, Rusiya işğalçı dövlətə silah göndərilməsini olduqca intensivləşdirib və bu istiqamətdə edilən iradlara və tənqidlərə fikir vermir. Təsadüfi deyil ki, bu günlərdə regionda yaşanan gərginliklə əlaqədar “İnterfaks”a müsahibə verən Ermənistan XİN başçısı Zöhrab Mnasakanyan deyib: “Ermənistanda və Arsaxda (işğal edilmiş Azərbaycan ərazisi nəzərdə tutulur-qeyd bizimdir) öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün kifayət qədər resurslar mövcuddur”. 
Erməni xarici siyasət idarəsinin rəhbəri həmişəki kimi agentliyə Azərbaycan barədə saxta informasiya verərək onu armyanofobiyada günahlandırmaq istəyib. Ancaq unudub ki, işğaldan keçən 26-27 il ərzində hələ bu ilhaqı təsdiqləyən yaxud haqlı sayan heç bir beynəlxalq sənəd qəbul edilməyib. Ancaq bunun əksinə olaraq Ermənistanın işğalçı qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə ona qədər rəsmi sənəd mövcuddur. Hətta törətdikləri təxribatları, öldürdükləri günahsız mülki şəxsləri də həmişə nədənsə unudur və ümumilikdə danışıqlardan yayınmağa üstünlük verirlər. Ortada heç bie rəsmi sənəd olmadan Azərbaycan torpaqları üzərində özbaşına qurum yaradır, onu müstəqil dövlət kimi qələmə verməyə çalışır. Bu cür hərəkətlər isə sülhü təhdid edən ən ciddi faktlardır. Bundan sonra Azərbaycana ermənifobilya böhtanı atmaq, nəinki riyakarlıq, həm də naşılıq və axmaqlıqdır.  Müharibəyə istiqamətlənmiş fəaliyyət isə Ermənistanın hakim dairələrinin və ictimai təşkilatlarının fəaliyyətində başlıca prinsipdir. Təsadüfi deyil ki, hazırda bu ölkədə 100 min nəfərlik könüllülər dəstəsinin yaradılması üzrə qızğın iş gedir. Bu ideyanın müəlliflərindən biri general Norat Ter-Qriqoryandır. Halbuki bu general özü etiraf edir ki, hazırda Ermənistanda əhalinin xaricə axını güclənib, pandemiya olduqca ciddi fəsadlar doğurub, xaricdən pul köçürmələri kəskin azalıb. Belə olan halda ermənilərin pafosu üzərində ənənəvi sual yaranır: bu cür iqtisadi sıxıntı içərisində xarici işlər naziri hansı resurslardan dəm vurur? Təbii ki, Mnasakanyanı danışdıran Rusiyanın göndərdiyi silahlardır.
Lakin rus silahları məsələni həll etməyə, daha doğrusu, ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycan Ordusuna qarşı dayanmağa yetərlidirmi? Axı, Azərbaycan silahlı qüvvələrinin müasirliyi, texnoloji təkmil silahlarla təchizatı daha güclüdür. Çünki bizim orduda Rusiyanın silahları ilə yanaşı digər inkişaf etmiş ölkələrin ən müasir və mükəmməl silahları yer alıb. Başlıcası, bu silahların vaxtaşırı təzələnməsi və yerinin doldurulması Azərbaycanın öz resursları hesabınadır. Bu səbəbdən də situasiya Azərbaycanın xeyrinə daha ümidvericidir. 
Düşmənin pafosu arxasında onun güclü qorxu simptomu gizlənib. Bu, Türkiyənin Azərbaycanı birmənalə olaraq dəstəkləməsi, həm də strateji səviyyədə yanında yer almasıdır. Bu amil təkcə Ermənistanı yox, Rusiyanı da həyəcanlandırır. Çünki vəziyyət elə dəyişə bilər ki, Rusiya Ermənistanı birdəfəlik itirə bilər. Buna görə də Moskva Türkiyənin regionda nüfuzunun artmasına hər vəchlə mane olmağa çalışır. Ancaq daha gecdir. Kreml üçün ən düzgün və Rusiyanın mənafeyinə cavab verən yol Türkiyə ilə əlaqələri gücləndirmək, onunla əlbir fəaliyyətə nail olmaqdır. Əks təqdirdə Rusiyanın təkcə Qafqazda deyil, Orta Asiyada və Afrikanın şimalında mövqeləri xeyli dərəcədə zəifləyəcək. Çünki bu regionlarda Rusiyaya tarixi bağlılıq yoxdur. Üstəlik də həmin ərazidə yerləşən ölkələrdə müsəlmançılıqdır. Bu isə İslam həmrəyliyinə güclü stimul yaradır. Eyni adət-ənənəyə və dini dünyagörüşə malik ölkələrin anlaşması daha asandır. 
Beləliklə, Rusiya Ermənistanı nə qədər silahlandırır silahlandırsın, regionda sülhün yolu Azərbaycan-Türkiyə əməkdaşlığının istiqamətindən və bu əsasda Qarabağın işğaldan azad edilməsindən keçir. Hələlik situasiyanın inkişafı bu azadlıq küləyinin əsəcəyi günün tezliklə baş verəcəyini göstərir.
N.NOVRUZ