Ermənistanı silahlandıran Rusiyanın Qafqazda mövqeyi sarsılır
Elxan Şahinoğlu: “Moskvanın yürütdüyü belə siyasəti fonunda Rusiya Azərbaycanı itirə bilər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən onunla görüşdə bir sıra məsələlərə toxunub. Həmin məsələlərdən biri də Rusiyanın işğalçı Ermənistana silah daşımaqda davam etməsi ilə bağlı olub.
“Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”, deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Tovuz hadisələri ərəfəsində və ondan sonra Rusiya üçüncü ölkələr vasitəsilə Ermənistana hərbi yük daşımasını davam etdirir. Azərbaycan Moskvanın bu addımına dəfələrlə etirazını bildirib. Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə zəng edərək, həmin hadisəyə etiraz edib. Bundan başqa, məsələ Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri fonunda, habelə Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri çərçivəsində də qaldırılıb. Prezident göründüyü kimi, həmin məsələni Afinanın ölkəmizə yeni təyin olunan səfirinə də çatdırıb. Azərbaycanın narazılığına rəğmən, Rusiya nədən Ermənistana silah tədarükünü davam etdirir? Bu hal onun Qafqazda mövqeyinə, Azərbaycanla münasibətlərinə nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd etdi ki, Kreml Ermənistana silah satmaqda davam etməklə siyasi və hərbi mənada Azərbaycanı itirəcək: “Azərbaycan dövlət başçısı Rusiyanın Ermənistana silah göndərməkdə davam etməsini artıq neçənci dəfədir ki, səsləndirir. Bu açıqlama ondan xəbər verir ki, artıq Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət kursunu sürətlə korrektə edir. Hər zaman söyləyirdim ki, Azərbaycan üçün indiki vəziyyətdə balanslaşdırılmış xarici siyasət aparmaq çətindir, mümkün deyil. Rusiya ilə Türkiyəni tərəzinin eyni gözünə qoya bilmərik. Bunu yaxın tariximiz də göstərir. Neçənci dəfədir ki, Azərbaycan dövlət başçısı narahatlığını bildirir, amma Moskva Ermənistana silah daşımaqda davam edir. Hətta Rusiya Prezidenti Putinlə telefon söhbətindən sonra da Azərbaycan Prezidenti bu istiqamətdə narahatlığını dəfələrlə dilə gətirib. Bu yanaşma ondan xəbər verir ki,
Rusiyanın Azərbaycana və Dağlıq Qarabağa münasibətdə siyasəti də dəyişməyib. Kreml Azərbaycanın Ermənistan üzərində üstünlük qazanmasını istəmədiyinə görə, düşmən ölkəyə bu qədər hərbi yük daşıyıb və daşımaqda davam edir. Ona görə də Azərbaycan artıq seçimini etməli, Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir. Burada Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi sürətləndirilməlidir. Balanslaşdırılmış xarici siyasət artıq ölkəmizin marağına uyğun deyil. Elmar Məmmədyarovun yürütdüyü bu siyasət fiaskoya uğrayıb, həmin siyasəti dəyişmək lazımdır.
Moskvanın yürütdüyü belə siyasəti fonunda Rusiya siyasi mənada Azərbaycanı itirə bilər. İki ölkə arasında iqtisadi və regionl layihələr ola bilsin, davam etsin. Bunda ölkəmiz də maraqlıdır. Amma siyasi və hərbi nöqteyi-nəzərdən Azərbaycanla böyük əməkdaşlıq artıq mümkün deyil. Vaxt var idi əsas hərbi texnikanı Rusiyadan alırdıq. Buna 5 milyard dollarlıq maliyyə xərcləmişik. Lakin artıq bu siyasətdən vaz keçmişik. Dövlət başçısı Türkiyə müdafiə nazirilə görüşündə də açıq dedi ki, bundan sonra hərbi texnikanı əsasən qardaş ölkədən alacağıq. Bu əslində Rusiya üçün böyük itkidir. Onlar Azərbaycan kimi böyük bir hərbi bazarı itirirlər”.
Rüfət NADİROĞLU