Tovuz təxribatı ilə Cənubi Qafqazda gərginləşən situasiyada Türkiyənin hədsiz fəallıq göstərməsi bəzi dövlətlərin yuxusuna haram qatıb. Xüsusilə, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimləri regiondan öz ambisiyaları üçün istifadə etmək istəyən qüvvələri narahat edib. Ən çox da Rusiya rəhbərliyi dərhal hərəkətə keçib və bununla da sübut edib ki, ermənilərin təxribatlarında bu və ya digər formada əlaqəli işlər görürlər. Məsələn, Tovuz təxribatında layiqli cavab alan ermənilərin zəifliyini ört-basdır etmək üçün bizimlə dostluq və strateji tərəfdaşlıq arzusunda olan şimal qonşumuz öz forpostuna sərasər silah-sursat daşıyır.
Görünür, rus strateqlər fikirləşirlər ki, bununla "bir güllə ilə iki hədəf vururlar". Bir tərəfdən ermənilərə silah verməklə özlərindən daha asılı vəziyyətə salırlar. Digər tərəfdən, Azərbaycanın qarşısındakı təhlükəni artıraraq onu orbitinə salmaq şansı qazanırlar. Amma ikinci məsələdə Kremlin planları Türkiyənin işə qarışması səbəbincə tamamilə pozulub.
Hazırda Rusiyanın beynəlxalq vəziyyəti elədir ki, o, Türkiyəsiz ötüşə bilmir. Məsələn, Türkiyə ilə hərbi sahədə əməkdaşlıq tədricən genişlənir. Ruslar bu ölkəyə silah satışından yaxşı valyuta əldə edir. Üstəlik, Avropa Birliyi və ABŞ-a qarşı sanksiyalar müharibəsində türklərin cəsarətli və müstəqil addımları ilə təcriddən qaça bilirlər. Bu mənada Türkiyə ilə münasibətlərin qorunması Kreml üçün olduqca əhəmiyyətlidir. Amma bir məsələ də var ki, bu gün bağlanan müqavilələr bu dövlətlərin gələcək əməkdaşlığını indidən ehtiva edir və bununla da Rusiya çətin ptoblem qarşısında qalır. Çünki onun havadarlıq etdiyi Ermənistan Türkiyə və Azərbaycana düşmən mövqeyindədir və bu mövqe Kreml siyasətçilərinin fikrincə onlara da sərf edir.
İndi Azərbaycana strateji tərəfdaş deyib, Ermənistanı silahlandırmaq avropasayağı ikiüzlülükdən başqa bir şey deyil və Rusiyanın Cənubi Qafqazdakı yerini zəiflədir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti Rusiya prezidentinə zəng edib silahlanma məsələsinə qəti etirazını bildirir. Halbuki, bu cür addım dünənə qədər mümkün deyildi. Ancaq bu gün bu səviyyədə addımların atılmasına Azərbaycanın hərbi-siyasi gücü çatır.
Buna görə də bir neçə gün əvvəl Rusiya Müdafiə Naziri Sergey Şoyqunun, onun ardınca isə müdafiə nazirinin müavini Ruslan Tsalikovun Bakıya gəlməsi təsadüfi ola bilməz. Kremlin rəsmi missionerləri Azərbaycana nəyisə izah və təlqin etmək istəyirlər, amma təəssüf ki, ortaya əsaslı bir səbəb qoya bilmirlər. Bununla da Azərbaycan düşmən Ermənistan və riyakar Kreml qarşısında mənəvi üstünlüyünü artırır. Sadəcə, ruslar, bir növ, Azərbaycanın könlünü almaq istəyirlər. Yaxud da Azərbaycanın Rusiya ilə strateji əlaqələrinin gücləndirilməsini istəyirlər. Bu günlərdə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərinin müdafiə nazirlərinin Moskva toplantısında iştirakı bu fikri müəyyən qədər təsdiqləyir.
Tovuz təxribatı münasibətləri gərginləşdirsə də, Cənubi Qafqazda fəal rol alan dövlətlərə bir daha qəti surətdə göstərdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün göstərdiyi əzmkarlıq qarşısıalınmazdır. Rusiya XİN rəhbəri Sergey Lavrovun tələsik açıqlamaları buna sübutdur. İndi Moskvada yaxşı bilirlər ki, zəruri vaxt yetişən kimi Azərbaycan Moskvadan razılıq gözləməyəcək və ani bir güllə səsinə görə Ermənistanı darmadağın edib öz torpaqlarını işğaldan azad edəcək. Güman ki, bundan sonra hadisələrin inkişafı bu istiqamətə yönələcək. Minsk qrupu həmsədrlərinin daha status-kvo oyunları işləməyəcək. Bu cür aydınlaşma özü Qarabağ münaqişəsinin həlli yolunda irəli atılmış addım sayılmalıdır. Çünki Azərbaycanın yeni platformada nüfuz göstəricisinin artdığını göstərir.
N.NOVRUZ