Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün çox önəmlidir.

6 Sentyabr 2020 18:51 (UTC+04:00)
Azərbaycan Respublikası ilə Qardaş Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Keçirilən təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Türkiyə Respublikası Azərbaycan müstəqillik qazandıqdan sonra hər zaman Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Müstəqilliyimizin İlk vaxtlarında orduda kadr çatışmazlığı var idi. Zaman keçdikcə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il bunun davamı olaraq Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezidentimiz İlham Əliyev deyib: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür"; 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Saziş bu ilin iyulun 2-də qüvvəyə minib. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini bir çox vacib məsələlər müəyyənləşdirir. Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq baxımından perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. İki qardaş ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı əsas sahələrdən biridir. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçımız tərəfindən səsləndirilmiş sözlər: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" – bunu bir daha sübut edir Prezidentimiz cənab İlham Əliyevin: "Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz" kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir. Dövlət başçımız, Ali Baş Komandanımız tərəfindən həmin görüşdə səsləndirilmiş bu sözlər hər bir azərbaycanlının qəlbindən keçir və Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir. Həşimova Leyla Nəsimi rayon sakini