ABŞ korporasiyası Azərbaycanda 24 layihəyə investisiya yatırıb

10 Sentyabr 2020 15:50 (UTC+04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (BİMK) son 20 il ərzində Azərbaycanda 24 biznes layihəsinə 230 milyon dollara yaxın investisiya yerləşirib.

Mövqe.az bu barədə ABŞ Dövlət Departamentinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, BİMK-in maliyyələşdirdiyi sahələr energetika (2006-cı ildə başa çatmış Bakı-Tbilisi-Ceyhan neft kəməri), françayzinq, bank işi, mikromaliyyələşdirmə, hotel sektoru kimi sahələri əhatə edib:

“BİMK Azərbaycanda işləyən banklara kiçik və orta biznesə kredit portfellərini genişləndirməsi üçün vəsaitlər təqdim edib. Bu vəsaitlər arasında 2008-ci ildə “Rabitə Bank”a 4,8 milyon dollar və 2009-cu ildə “Turan Bank”a 7,3 milyon dollar dəyərində vəsaitlər yer alır. 2011-ci ildə “Muğan Bank”a kiçik və orta biznes nümayəndələrinə yönəlmiş fəaliyyətinin genişləndirilməsi üçün 10 milyon dollara yaxın kredit təminatı verilib”.

Hesabata əsasən, BİMK, həmçinin “FinDev” və “CredAgro” şirkətlərinə müvafiq olaraq 1 milyon və 3 milyon dollar mikromaliyyələşdirmə üçün vəsait ayırıb. 2012-ci ildə BİMK “Viator Mikrokredit Azərbaycan” MMC (500 min dollar), “Vision Fund Azercredit BOKT” MMC (2 milyon dollar) və “FinDev”in (1 milyon dollar) kredit sığortasını təmin edib.

2013-cü ildə BİMK “Turan Bank”la 7 il müddətinə 7 milyon dollar məbləğində kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditin verilməsi barədə memorandum imzalayıb.

2015-ci ilə olan vəziyyətə görə, BİMK “KredAgro” və “TBC Kredit” bank olmayan kredit təşkilatları ilə aktiv kredit layihəsinə malik idi:

“EXIM Bank” 2014-cü il üzrə illik hesabatında Azərbaycan üçün, əsasən aviatexnika satışlarına dəstək üçün nəzərdə tutulmuş 211,9 milyon dollar məbləğində ödənməmiş sığorta və kredit təminatları barədə məlumat verib. 2011-ci ildə “EXIM Bank” Azərbaycan Kosmik Agentliyinin “AzerSat-1” peykini “Orbital Sciences” şirkətindən alınmasının maliyyələşdirilməsi üçün 116,6 milyon dollar borcu bağlayıb. 2015-ci ilin iyununda “EXIM Bank” Azərbaycanın aviaşirkəti tərəfindən “Boeing” kommersiya təyyarəsinin satın alınmasının maliyyələşdirilməsi üçün 211,9 milyon dollar kredit verilməsini başa çadırıb”.