Ölkədə gedən islahatların bir qolu da müxalifətə aiddir. Xüsusilə, kadr islahatları başlayandan sonra dövlət başçısının formalaşdırdığı yeni komanda ölkənin ictimai-siyasi düşərgəsinə yeni ab-hava gətirib. Prezident Administrasiyasının səlahiyyətlisinin müxalifət partiyalarının nümayəndələri ilə keçirdiyi görüşlər, həm də bu təşəbbüsün hajkimiyyətdən gəlməsi siyasətçilikdə hərəkətliliyi artırıb. Düzdür, AXCP və Musavat bu görüşlərdən imtina edib, ona görə ki, cəmiyyətdə ağır çəkiləri olmasa da, ağır ambisiyaları var, onlar yalnız hakim qüvvə kimi hər yanda təmsil olunmaq istəyirlər. Bu səbəbdəndir ki, özlərini həmişə “gerçək müxalifət” deyə təbliğ edirlər. Ancaq görüşə razılıq verən partiyalarla iş səmərəli olub və cəmiyyətdə xoş ovqat yaradıb. Yəni, bizdə də ola bilsin bu başlanğıcın sonu ölkənin inkişafında rol oynamağı bacaran siyasi müxalifət formalaşsın.
Ölkənin siyasi həyatında əhəmiyyətini itirmiş və qaranlıq işləri ifşa olunmuş AXCP və digər radikal təşkilatlar isə əvvəlki manerada görülən işlərə “sataşmaqla” məşğuldurlar. Dünənə qədər tənqid və təhqir etdikləri yüksək rütbəli keçmiş məmurlar indi AXCP sədri Əli Kərimli və bəzi radikalların qibləgahına çevriliblər. Radikallar iddia edirlər ki, ölkədə heç bir islahat aparılmır. Halbuki dünyanın mühüm təşkilatları, ağıllı ekspertləri bütün ictimai-siyasi, iqtisadi parametrləri saf-çürük edərək belə qərar veriblər ki, Azərbaycan dünyadakı 203 dövlət arasında 20 ən islahatçı dövlətlərin sırasındadır. Maraqlıdır ki, Əli Kərimli və digərləri 20 dövlətdən 19-nun islahatçılığına bir söz demirlər, amma Azərbaycanın islahatçı olmağını qəbul edə bilmirlər.
Görəsən, səbəb nədir?
Çoxdanın söhbətidir. Yüksək vəzifəli məmur fəaliyyəti ilə dövlətçiliyə ziyan vurduğuna görə həbs edilib, cinayət işi açılmışdı. Onun məhkəməsində məmur nə açıqlasa yaxşıdır? Demişdi ki, hər ay AXCP-yə 50 min manat pul verir. Bu faktı bu yaxınlarda həmin məhkəmədə olmuş digər bir müxalif partiya sədri elə radikalların öz youtube kanalında açıqlayıb. Hər bir müsbət tendensiyaya qarşı edilən haqsız radikal çıxışlarının məğzi də bu faktla açılır. Çünki, sosial şəbəkələrdə radikalların hansı məmurlar tərəfindən maliyyələşmələri haqda son vaxtlar ciddi faktlar açıqlanır. İslahatların gedişində isə həmin məmurlar ifşa olunmaqla radikalların maliyyələşmə mənbələri bir-bir sıradan çıxarılır. Bu minvalla radikalların daxili auditoriyadakı maliyyə qaynaqları məhv olur. Demək, aylıq qazanc yarıbayarı azalır. Ümid qalır xarici qaynaqlara. Onların da yolunun tezliklə birdəfəlik bağlanma ehtimalı yüksəkdir. Belə olan halda radikallar “ağa qara” deməsinlər, neyləsinlər? Başları dərd içindədir. Nə olsun ki, sosial şəbəkələrdə bar-bar bağırırlar ki, qısa bir vaxt ərzində “xalq” qalxacaq ayağa, hakimiyyət dəyişəcək. Xalq sözünü ona görə dırnaqda yazdıq ki, radikallar xalq deyəndə dəstələrində olan beş-on nəfər trolu nəzərdə tuturlar.
Hələ sovet vaxtlarında bizim aktyorlar bir yumoristik novellanı səhnələşdirmişdilər: sərxoş kişi divardan tuta-tuta birtəhər yeriyir. Kənardan da biri baxıb deyir ki, yeri, yeri, görüm, divar qurtarandan sonra hardan tutacaqsan? İndi radikalların gizli maliyyə qaynaqları bir-bir sıradan çıxır, görək, əliyalın qalandan sonra qaragüruhluğun haqq-hesabını hardan əldə edəcəklər.
N.NOVRUZ