Bakı-Tehran əlaqələri İrəvanı əndişəyə salıb

18 Sentyabr 2020 09:16 (UTC+04:00)

Bakı-Tehran əlaqələri İrəvanı əndişəyə salıb
Sədrəddin Soltan: “Ermənistanda vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqədar işğalçı ölkənin İrandan idxal etdiyi məhsulun həcmi azala bilər” 
İlqar Vəlizadə: “Bu vəziyyət İran cəmiyyətinin Azərbaycana olan simpatiyasından qaynaqlanır”
Son dövrlərdə Ermənistanda İranla münasibətlərin zəifləməsindən narazılıq edilir. İranın Azərbaycanla əməkdaşlığa daha çox meyllənməsi narazılıq yaradır. Səbəb nədir və regionda proseslərin sonrakı inkişafına nə vəd edir?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Iranla Ermənistan arasında münasibətlər ümumən yalnız pandemiya dövrü ilə əlaqədar olaraq müəyyən dərəcədə zəifləyib: “Məncə belə informasiyaları yaymaqla  ermənilər göz qaytarır.  Son zamanlar Rusiyadan gətirilən silah və hərbi texnika dolu yüklərin İran vasitəsilə Ermənistana ötürülməsi məsələsi gündəmə gəlib. Bununla bağlı Azərbaycan tərəfi isə Rusiya və İrana etiraz edib. Bu əsasda ehtimal etmək olar ki, Ermənistan bu etirazları səngitmək və öz müttəfiqlərinə təzyiqlərin artmasının qarşısını almaq üçün guya İranla əlaqələrin zəifləməsi təbliğatını aparır. Amma əslində İranla Ermənistan arasında dövlət sərhədi və gömrük xidməti açıq şəkildə fəaliyyətini davam etdirir. Ermənistanın ayaq üstə durması, mövcud olması üçün yeganə quru qapısı İrandır. Bu müsəlman ölkəsindən Ermənistana ərzaq məhsulları, yanacaq və s. mallar daxil olmaqdadır. Bununla da İrəvan öz mövcudluğunu qoruyur. Hətta vəziyyət o yerə gəlib çatır ki, xəbərlərdə İrandan hərbi texnikanın bu yolla Ermənistana ötürüldüyü də açıq şəkildə bəyan edilir. Bundan başqa, İrandan işğal altında olan Azərbaycan torpaqlarına da yanacaq, ərzaq və s. məhsullar ötürülməkdə davam edir. Ona görə də İrəvanla Tehran arasında münasibətlərin, iqtisadi-ticarət əlaqələrinin zəifləməsi barədə deyilənlər inandırıcı deyil.
Amma ola bilər koronavirus pandemiyası ilə bağlı olaraq iki ölkə arasında əlaqələr zəifləyib. Hər iki ölkədə sərt karantin rejimi tətbiq edildi. Bu hal və Ermənistanda vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqədar olaraq işğalçı ölkənin İrandan idxal etdiyi məhsulun həcmi azala bilər.  Amma belə iki ölkə arasında münasibətdə, əməkdaşlıq prosesində hər hansı bir zəifləmə tendensiyası müşahidə edilmir. Ən azından bunu Ermənistan kütləvi informasiya vasitələri, Tehranla İrəvan arasında olan kütləvi yazışmalar, habelə cənub ölkəsinin işğalçı ölkədəki səfirinin fəaliyyəti təsdiqləyir”.
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, yaranmış bu vəziyyət İran cəmiyyətinin Azərbaycana olan simpatiyasından qaynaqlanır: “İrəvanın Tehranla münasibətlərinin zəifləməsinin Ermənistanda narahatlıqla qarşılanması onun göstəricisidir ki, İran cəmiyyəti, orada yaşayan azərbaycanlılar Azərbaycanla münasibətlərin daha sıx qurulmasında maraqlıdır, nəinki işğalçı ölkə ilə. Yəni İran cəmiyyəti rəsmilərlə müqayisədə daha çox Azərbaycanla əməkdaşlığa meyllidir. Bu da nəticə etibarı ilə rəsmilərin mövqeyinə də öz təsirini göstərir. Birinci Qarabağ müharibəsində də bəzi siyasi rəhbərlərin fərqli münasibət sərgiləməsinə baxmayaraq, İran cəmiyyəti Azərbaycanın mövqeyinə dəstək verib”.
İranın İrəvanla münasibətlərinin zəifləməsi, əvəzində Bakı ilə əlaqələrin genişlənməsi perspektivdə Qarabağ müharibəsinin başlanması fonunda İran cəmiyyəti yenə də ölkəmizin yanında yer alacaq”.
Rüfət NADİROĞLU