Masallının “Ümidim sənsən”i yenə ümidləri doğrultdu

18 Sentyabr 2020 20:00 (UTC+04:00)

Masallı rayonunda fəaliyyət göstərən, Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyi az qala hər ay, hər həftə onlarca insanı sevindirir.

Bu birliyə dəstək verənlər də günbəgün çoxalır. İctimai birliyin hətta ABŞ-ın Virciniya ştatında Jalə Nəsimli, Natəvan Əliyeva kimi könüllüləri də var.

“Ümidim sənsən” komandası yeni tədris  ili ərəfəsində də  xeyirxah əməllərini əsirgəmədi. Masallı şəhərində və ətraf kəndlərdə 40 imkansız ailənin uşaqlarına  məktəbli ləvazimatı payladı.

Bu işdə “Ümidim sənsən”in ən uğurlu dəstəkçisi Bakının UNES xeyriyyə qrupunun üzvləri oldu.

Birliyin rəhbəri onlara dəstək olan hər kəsə, eləcə də rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV