Azərbaycanda neft sənayesi

21 Sentyabr 2020 22:21 (UTC+04:00)

Azərbaycan Respublikasında neft sektorunun inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır . Ulu öndərin 1994-cü ildə dünyanın ən iri 11 neft şirkəti ilə bağladığı “Əsrin müqaviləsi" ilə neft sənayemizlə birgə  Azərbaycan Respublikasının iqtisadiyyatı da inkişaf etməyə başlamışdır. Bu gün isə “Əsrin müqaviləsi”nin imzalandığı ildən 26 il keçib və bu zaman ərzində bir çox kontraktlar imzalansa da Azərbaycan neft potensialına dünyada  maraq azalmır, əksinə artır.  Bunun da səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin  uğurlu xarici siyasəti ilə əlaqəlidir. 
Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır.  İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində   böyük qaz-kondensat yatağı aşkarlanmışdır.
Abşeron qaz-kondensat yatağının yeni  mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm imza ataraq, neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra etibarlı qaz təchizatçısı olacaqdır. “Abşeron” yatağının istifadəyə verilməsi Prezident İlham Əliyevin iradəsi ilə baş tutmuşdur. 
Azərbaycanın uğurlu inkişafında neftçilərin də çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. 
Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular  Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Neftçilərin əməyini əsl qəhrəmanlıq adlandırmaq olar.
Bu gün TANAP xətti ilə də Türkiyəyə ixrac edilən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda 1-ci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.
Bütün əldə olunan bu uğurlara Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsinin çox böyük rolu var. Müstəqillik dövrünə qədər  çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.  Biz o vaxt müstəqil ölkə olsaydıq,  Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi.  
Çıxış və yazılarda Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalı, Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında rolu xüsusi olaraq vurğulanmalıdır.   İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. Erməni mediasında Azərbaycan və Dağıstan xalqları arasında süni gərginlik yaratmaq üçün bu faktdan tez – tez istifadə olunur.
Sovet vaxtında Azərbaycan qazı başqa ölkələrə nəql edilirdi,ancaq respublikanın bir çox rayonlarında qaz yox idi. Bu gün isə Azərbaycanın ən ucqar rayonları belə qaz təchizatı ilə yüksək səviyyədə təmin olunur. Həmin dövrdə Bibiheybət, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakəti zonası idi. Bu gün isə Sumqayıt artıq təmiz bir şəhərdir,ekoloji fəlakət zonası Balaxanı yenidən qurulub, Qara şəhər yoxdur artıq onun yerinə Ağ şəhər yaradılıb,Bibiheybət buxtasında gözəl parklar salınıb,abadlaşdırılıb. Prezident İlham Əliyevin iradəsi ilə aparılan bu abadlıq işlərində Azərbaycanın müstəqil bir dövlət olması böyük rol oynayır. 
Məmmədova Simranə Cavanşir qızı 
Nəsimi rayon gənci