Ermənilərin hərbi driblinqi, yoxsa diyirlənmələri

25 Sentyabr 2020 11:11 (UTC+04:00)

Üzü qışa doğru Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti gərginləşdirmək yolu tutublar.

Hər gün dünənki günə nisbətən təşkəsin daha çox və daha güclü pozulması müşahidə edilir.

Təkcə sentyavrın 23-də sutka ərzində ermənilər atəşkəs rejimini 69 dəfə pozublar. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə Azərbaycan Ordusunun mövqələrinə atəş açıblar.

Hazırkı təxribatlar iki istiqamətdə, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndləri tərəfdən və ön cəbhədə Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən  ordumuzun mövqeləri atəşə tutulub.
Göründüyü kimi, ermənilər sanki hərbi driblinq edirlər. Yəqin, eməni ağlına görə belə daha yaxşıdır və Azərbaycanın mövqelərini bu cür yerdəyişmələrlə çaş-baş sala bilərlər. Amma bu, onların "ağlı"dır. Əslində isə ordumuzun hazırkı qüdrətli çağında bu taktika ermənilərin mövqelərimiz qarşısında diyirlənmələrinə bənzəyir. Sadəcə, düşmən fikirləşir ki, guya bütün sərhədlərimiz boyu birdən hücuma keçmək imkanlarına malikdirlər və bununla azərbaycanlılara "göz dağı" vermək istəyirlər.
Cəbhədə və sərhəddə belə qarışıqlıq yaradılmasının başqa bir səbəbi də var. Erməni siyasi hakimiyyəti artıq bir aydan çoxdur ki, fəal surətdə xaricdən terroçu qruplarının Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini davam etdirir. Türkiyə mətbuatının yazdığına görə lap bu yaxınlarda  Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, üç batalyondan (təxminən 750 nəfər) ibarət olan "Nubar Ozanyan" briqadasının  sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu-250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib. Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan briqada 2019-cu ilin aprelində, qondarma "soyqırım" ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşüb. Bir qədər əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlayıb. Bu köçürülmələrdən, gələn terroçuların dislokasiya yerlərinin təyin edilməsindən Azərbaycan hərbçilərinin diqqətini yayındırmaq üçün atəşkəsin daha intensiv pozulması taktiki məqsəd daşıyır.  
Ancaq düşmənin hərbi birləşmələrinin yerdəyişmələri, ağır texnikanın hərəkəti, son dayanacaqları nəinki yerüstü müçahidə texnikası ilə, hətta kosmosdan da izlənilir və onların yerləri dəqiqliklə təyin edilir. Bu səbəbdən ermənilərin canfəşalığı əbəsdir və onların taleyi artıq həll edilmiş kimi görünür. Çünki, regionda, xüsusilə də cəbhədə baş verənlər sözgəlişi söhbətlər deyil, insan tələfatına və qeyri-sabitliyə aparan yoldur. Buna görə də ermənilərin cəhdləri nəzarət altındadır və görünür ki, Azərbaycan Ordusunun həlledici zərbə vurmaq vaxtı çatıb. Yaxın vaxtlarda erməni hərbçilərinin birdəfəlik susdurulması gözləniləndir və bəlkə də hansısa səviyyədə dəqiq tarix müəyyənləşdirilib.
N.NOVRUZ