Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? - RƏSMİ AÇIQLAMA
25 Sentyabr 2020 18:00 (UTC+04:00)
Toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olacaq. Çünki eyni anda bir məkana çox sayda adam yığışacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onuin sözlərinə görə, toyların keçirilməsinə icazə verildiyi halda pandemiya dövründə şadlıq saraylarının fəaliyyətinin necə təşkil olunması ilə bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək və nəzarət tədbirləri həyata keçiriləcək.
E.Mikayılov qeyd edib ki, toylar şadlıq saraylarında təşkil olunduğuna görə onlar da ictimai iaşə obyektinin bir növü sayılır və bu səbəbdən AQTA tərəfindən onlara nəzarət edilir:
"Əksər şadlıq saraylarının restoran fəaliyyəti var, yəni vətəndaşlara restoran kimi də xidmət göstərirlər. Kafesi, restoranı olan şadlıq sarayları artıq nəzarətin mahiyyəti və nəzarət olunan məsələlərlə yaxından tanışdır. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə də görüşlər təşkil olunur".
AQTA rəsmisi əlavə edib ki, toyların keçirilməsinə icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.