Azərbaycan xalqının orduya inamı böyükdür

28 Sentyabr 2020 18:14 (UTC+04:00)

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumillikdə Qarabağın bir hissəsidir. Əzəli torpağımız olan Qarabağa ermənilərin iddiaları XX əsrdən artmağa başlamışdır. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi XVIII əsrdən başlamış, o vaxtdan da onların Azərbaycan torpaqlarına yiyələnmək iddiası davam edir.
         Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırlıq mərhələsi Xankəndi və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı.
        1992-ci ilin fevral ayında isə Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qırğının törədilməsi erməni vəhşiliyini bir daha sübut etdi.
        Azğınlaşmış Ermənistan rəhbərliyi beynəlxalq standartlara məhəl qoymayaraq Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma aparmaq, yeni torpaq iddialarının xülyası ilə yaşayır.
       İyul, avqust və sentyabr aylarında baş vermiş erməni hərbi təxribatları regionda təhlükə yaradaraq, Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik etdi.
       Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı törətmişlər.
       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev mövcud vəziyyətlə bağlı Azərbaycan xalqına müraciət etdi :”Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
      Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. 27 sentyabr tarixli hadisələr Ermənistanın işğalçı dövlət olduğunu bir daha göstərdi. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları keçirərək 7 yaşayış məntəqəsini və 2 hündürlüyün işağldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.
Eşq olsun Azərbaycan Ordusuna!

Gülnarə Hacıyeva
Nəsimi rayon sakini